Aİ Transxəzər marşrutuna sərmayə qoymağı planlaşdırır

13:58 - 28 Noyabr 2022 - İQTİSADİYYAT

Avropa İttifaqının (Aİ) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TXBNM) inkişafına maliyyə dəstəyi vermək niyyətində olduğu açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə nazirlərinin transxəzər qarşılıqlı əlaqələrinə həsr olunmuş görüşündə Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev 2021-ci il dekabrın 1-də Avropa Komissiyası və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin “Qlobal Gateway” təşəbbüsünü irəli sürdüyünü xatırladaraq deyib: “Bu, rəqəmsallaşma, enerji, nəqliyyat, səhiyyə, təhsil və tədqiqat kimi sahələrdə yüksək texnologiyalı, yaşıl və təhlükəsiz qlobal əlaqələrin inkişafı üçün yeni Avropa strategiyasıdır. Bu strategiyanın həyata keçirilməsində Aİ TXBNM-in inkişafına sərmayə qoymağı planlaşdırır”.

Kairbek Uskenbayev aidiyyəti tərəfləri Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində birgə müəssisənin yaradılması üzrə işləri aktivləşdirməyə çağırıb. Nazir qeyd edib ki, bu ilin sentyabrında Çin Xalq Respublikasının sədri Si Cinpinin Qazaxıstana rəsmi səfəri çərçivəsində Qazaxıstan və Çin hökumətləri arasında Çin-Avropa və TXBNM marşrutu ilə dəmir yolu daşımalarının təşkili sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair anlaşma memorandumu imzalanıb.

Kairbek Uskenbayev TXBNM-in inkişafı üçün güclü alətə çevrilə biləcək birgə müəssisənin yaradılması istiqamətində işlərin intensivləşdirilməsini təklif edib. Onun sözlərinə görə, bu müəssisə vahid operator kimi yükləri göndərən və qəbul edənlərlə işləyərək marşrut boyu vahid tarif və vahid xidmət standartı təqdim edəcək.

Xəbər xətti