Valideynin uşağını döyməyə meyllilik özünün düzgün tərbiyə almadığını göstərir - Sosioloq

11:33 - 25 Noyabr 2022 - Cəmiyyət

Uşaqlarınıza düzgün davranış öyrətmək dedikdə, çox vaxt insanlar arasında cəzalandırma, və ya onlarla sərt davranmaq kimi anlayışlar başa düşülür. Bildiyimiz kimi, hər bir uşağın tərbiyəsində ailənin böyük rolu var.

Sosioloq Lalə Mehralı Ucnoqta.az-a bildirdi ki, bu, hər valideynə görə fərqli məna daşıyan bir vəziyyətdir: 
“Kimisi sözlə, kimisi cəza ilə tərbiyə edə bilər. Hətta bir az da irəli gedib zorakılıqla tərbiyə edən valideynlər də təəssüf ki, aramızda var. Elə əvvəldən görmüşük ki, döyülən, zorakılıq tətbiq edilən uşaq heç bir halda nümunəvi olmur. Bəzən valideynlər deyir ki, məni döyüblər pis olmuşam bəyəm? Mən də uşağımı döyəcəm. Yəni o uşağını döyməyə meylliliklə əslində özünün zamanında düzgün tərbiyə almadığını sübut edir. Zamanında ona şiddət tətbiq ediblər, zorakılıqla üz-üzə olub. O da bunun yaxşı tərbiyə metodu olduğu qənaətindədir. Uşaq zorakılığa, şiddətə məruz qaldıqca, təhqir edildikcə cəmiyyətdən tədric olunur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Uşaq bir növ özünə qapanır. Bu cür uşaqların sosial həyatı olmur, insanlardan uzaqlaşır. Azadlıqdan çox məhbus həyatı yaşamış olur. Çünki atdığı hər addımı valideyn tərəfindən narazılıqla qarşılanır. O artıq adət edib ki, bu addımı atsa valideyni tərəfindən döyüləcək”.

L.Mehralı deyir ki, əgər uşaqlarımız səhv etməsə, doğrunun nə olduğunu bilməzlər:
“Özümüz bu yaşımızda səhv edə-edə doğrunu tapmağa çalışırıq. Bu gün etdiyimiz hərəkətin sabah əslində yanlış olduğunu fərqinə varırıq. Çünki sabah bugünkündən daha adil, daha mükəmməl düşünmək imkanımız olur. Hər gün insan üçün böyük əhəmiyyət kəsb edir. Hər an, hər saat öz qərarlarını daha yaxşı müzakirə etmək iqtidarında olur. Dünən verdiyi qərarı bu gün müzakirə  edəndə, düşünəndə, ölçüb biçəndə əslində qərar verəndə tələsdiyini görür. Bu gün daha dərindən düşünəndə fərqinə varır. Uşaqlar da elədir. Bu gün səhv edəcək, yanlış addım atacaq. Amma onu sözlə başa salmaq, tərbiyələndirmək lazımdır ki, sabah o addımı atmasın. Əgər uşağı döyürüksə, gizlin o etdiyi səhvi bir daha təkrarlayacaq".

Xəbər xətti