Azərbaycanda valyuta əməliyyatları üzrə nəzarət gücləndirilir.
Bu barədə məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 28-də keçirilən iclasında müzakirə edilən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə öz əksini tapıb.
Layihədə bildirilir ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər valyuta əməliyyatları üzrə nəzarətin gücləndirilməsini zəruri edir. Bu isə valyuta əməliyyatları üzrə yeni effektiv nəzarət mexanizmlərinin tətbiqini labüd edir.
Qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.
Məlumat üçün bildiririk ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən valyuta nəzarəti orqanlarının rezident və qeyri-rezidentlər tərəfindən icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək, rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının qanunvericiliyin, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək, valyuta əməliyyatlarını yoxlamaq, bu əməliyyatlar üzrə hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək səlahiyyəti müəyyən edilib.///qafqazinfo