Nikahdan öncə tibbi müayinə - Valideynlər övladlarının qatilinə çevrilməməlidir

10:35 - 21 Oktyabr 2022 - Leykoz

Azərbaycan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Talassemiyalı insanların normalda olduğundan daha az hemoqlobini və çox az qırmızı qan hüceyrəsi olur. Bu xəstəliyin yayılmasının qarşısını almaq üçün yollardan biri nikaha girməzdən əvvəl cütlüklərin tibbi müayinədən keçməyidir. Əgər iki talassemiya daşıyıcısı evlənirsə, onların uşağının talassemiyalı olma ehtimalı 25 faizdir. Əgər iki talassemiya xəstəsi evlənirsə, onların övladı bu xəstəliyi irsən alacaq.

Bu və digər məsələlərlə bağlı Ucnoqta.az-ın suallarını Mərkəzi Qan Bankının Lənkəran bölməsinin müdiri İlkin Əsədullayev cavablandırır.

– Talassemiya xəstəliyinin yayılmasının qarşısını almaq üçün yollardan biri nikaha girməzdən əvvəl cütlüklərin tibbi müayinədən keçməsidir. Lənkaranda bu iş necə təşkil olunur?
–  2015-ci ilədək evlənmək istəyən cütlüklər tibbi müayinədən keçmirdilər və talassemiyalı olduqlarına dair məlumatlı deyildilər və dünyaya xəstə uşaqlar gətirilməsi riski artırdı. Vəziyyət 2015-ci ildən dəyişməyə başladı. Həmin ildən bəri Azərbaycanda evlənməyə hazırlaşan cütlüklər tibbi müayinədən keçirlər. Lənkaranda bütün cütlüklərin talassemiya daşıyıcılığına görə yoxlanılmasını biz həyata keçiririk. Yəni Lənkəran Qan Mərkəzində. Bütün cütlüklər hökmən müayinədən keçirlər. Ola bilsin ki bəzi cütlüklərə müayinənin nəticələri açıqlanmadan əvvəl arayış verilsin. Bunun üçün ciddi səbəblər olmalıdır.

Tibbi müayinədən sonra cütlüklər tibbi arayış alırlar. Bu arayışda müayinənin nəticələri qeyd olunur. Tibbi müayinənin nəticələri müsbətdirsə, cütlükləri təbrik edir, xoşbəxtlik arzulayırıq. Amma nəticələr həmişə müsbət olmur. Bu barədə də onları məlumatlandırırıq: sizdə talassemiya xəstəliyi var (ola bilsin birində və ya hər ikisində), ya onun daşıyıcısısınız. Gələcəkdə ortaya çıxacaq problemlər barədə məlumatlandırırıq, evləndikdən sonra doğulan uşaqda müəyyən fəsadlar ola biləcəyi barədə xəbərdarlıq edirik. Çalışırıq ki, evlilik qərarından dönə bilsinlər. Bundan sonra seçim onların olur, ailənin də, gələcək nəslin sağlamlığı onlardan asılıdır. Normal, ağlı başında insan anlamalıdır ki, ailə qurmaq yalnız iki nəfərin birgə yaşayışından ibarət deyil. Ata da, ana da övladlarının qatilinə çevrilməməlidirlər. Hansısa xəstə cütlükdən sabah xəstə uşaq dünyaya gələcəksə, bunun günahkarı da valideynlər olacaq.  Bu səbəbdən də çalışırıq ki, evlilik qərarından dönə bilsinlər. Bundan sonra seçim onların olur. Hər bir insanın hüququ var, hər kəs öz qərarını özü verməlidir. Qeyd edim ki, nikahdan əvvəl tibbi müayinə talassemiya ilə doğulan uşaqların sayını əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

- Qanköçürmə insanın həyatını xilas edir. Hansı qan qrupu hansına köçürülə bilər?
– Talassemiya xəstələrinin müalicəsində qan önəmli rol oynayır. Lakin xəstəyə istənilən qrupdan qan köçürmək olmaz. Qanköçürmə zamanı tək qan qrupu deyil, rezus faktor (müsbət və ya mənfi ola bilər) nəzərə alınmalıdır. Dünyada insanların 85 faizi müsbət qan rezusuna malik olduğu halda, 15 faizinin qanı mənfi rezus olur. Həmişə eşitmisiniz ki, I Qan qrupu bütün qan qruplarına qan verə bilər. İndi də verə bilər. Dünyada nə qədər insan varsa, o qədər də qan qrupu var. Biz şərti olaraq qan qruplarını 8 qrupa bölürük. Bu qrupların da alt qrupları var. Talassemiya xəstəsinə qan köçürülərkən bunlar nəzərə alınır. Çünki uyğun olmayan qanın köçürülməsi nəticəsində orqanizmin bütün sistemlərində ağır pozuntular yaranır.

Hazırda Lənkəran bölgəsində 300-400 talassemiya xəstəsi var ki, onlardan da 40 nəfərə yaxını aktiv transfuziya alır. Onların qanında parçalanma olur və aktiv şəkildə qan (eritrosid kütlə) köçürülür. Yuxarıda qeyd etdiyim kimi, xəstəyə qan köçürülərkən diqqətli olmaq lazımdır. Hökmən xəstə üçün uyğun qan qrupu seçilməlidir. Seçim isə müasir üsullarla həyata keçirilir. Məsələn, bizə I qrup talassemiya xəstəsi müraciət edəndə, ilk növbədə onun qanından nümunə götürürük, bu nümunə əsasında da qanın hansı alt qrupuna aid olduğunu təyin edirik və uyğun qanı seçirik. Və ya xəstənin qanından nümunə götürürük, bizdə mövcud olan 8 qandan da nümunə götürüb yoxlayırıq. Nəticədə xəstəyə daha uyğun qanı, daha ağırlaşma verməyən qanı götürürük. Belə olan halda transfusiya müddəti, yəni iki qanköçürmə arasında müddət uzanır. Nəticədə artıq miqdarda dəmirin toplanması da azalır. Xatırladım ki, talassemiya xəstələrinin ən böyük problemi mütəmadi qan transfuziyası (qan köçürülməsi) ilə əlaqədar orqanizmlərdə parçalanma məhsulu olan dəmirin toplanmasıdır. Nəticədə, dəmir müxtəlif toxumalarda - ürək və qaraciyərdə toplanaraq fəsadlar törədir. Belə xəstələrin müalicəsi zamanı xelator (dəmirtəmizləmə) preparatlarından istifadə olunur.

- Qan donorları kimlər ola bilər?
-Yaş həddi 18-65 arasında, çəkisi isə 50 kq-dan yuxarı olan şəxslər donor ola bilər. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə müraciət etmək lazımdır. Donor qan vermədən əvvəl ən azı son iki saat ərzində müxtəlif qida və mayelər qəbul etməlidir. Donor olmaq istəyən şəxsin şəxsiyyət vəsiqəsini qeydiyyata alınır və hemoqlobinin miqdarı yoxlanılır. Hemoqlobinin miqdarı  normal olduqdan (Qan donoru olmaq üçün hemoqlobin səviyyəsi kişilərdə minimum 13,5g/dl, maksimum 18,0 g/dl, qadınlarda isə 12,5 g/dl, maksimum 16,5 g/dl olmalıdır.Hemoqlobinin miqdarı qadınlarda 120 q/l-dən, kişilərdə isə 130q/l-dən az olmamalıdır)  sonra həkim müayinəsindən keçirilirOnun nəbzi, təzyiq və temperaturu yoxlanılır, müxtəlif suallar verilir. Müayinə zamanı donorda nəbzin vurması müntəzəm olaraq bir dəqiqədə 50-100, sistolik qan təzyiqi 180 mm c.s, diastolik təzyiq isə 100 mm c.s-dən artıq olmamalıdır. Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi qaydasına əsasən həyata keçirilir.  Donorlarının tibbi müayinədən keçirilməsində əsas məqsəd onların sağlamlığının qənaətbəxş olmasını təyin etməklə yanaşı, həm donorların, həm də resipiyentlərin sağlamlığına xələl gətirməməkdir. Donor olmaq istəyən hər bir şəxs öz səhhəti, keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi və s. barədə aidiyyəti tibb işçisinə düzgün məlumat verməli və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən xüsusi sorğu vərəqəsini doldurmalıdır. Yalnız sağlam və heç bir əks-göstəriciləri (donorluğa müvəqqəti əksgöstərişlər əlavə olunur) olmayan şəxslər müalicə məqsədilə istifadə edilən qan məhsullarının donoru ola bilərlər.

Qan donorlarının qanvermə prosedurları arasındakı interval, kişilər il ərzində 4 dəfə, qadınlar isə 3 dəfə qan verə bilər. Qan alındıqdan sonra həmin kütlə 3 əsas hissəyə- eritrosit kütləsinə, trombosit və plazmaya ayrılır. Bu elementlər isə hər biri müxtəlif xəstəliklərdə istifadə olunur. Bir nəfər qan verən şəxs üç nəfərin həyatını xilas etmiş olur.

Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti