İsmayıllıda “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” adlı tədbir keçirilib - FOTO

10:23 - 21 Oktyabr 2022 - Leykoz

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini İsmayıllı rayonunda keçirib.

Ucnoqta.az xəbər verir ki, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Fərhadov Nəsimi, “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyininin sədr müavini Nəbili Emin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu İradə Səməd-zadə, Mərkəzi Qan Bankının Şəki bölməsinin müdiri Vüsalə İmamova iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan RİH-nin əməkdaşı Nəsimi Teymurov layihənin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra çıxış edən layihə rəhbəri Emin Nəbili layihənin məqsədinin dövlətin talassemiyanın yayılmasının qarşısının alınmasında, qan donorluğu ilə bağlı gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını qeyd edib. Təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verən Nəbili Emin talassemiya xəstəliyinin yayılmasının qarşısının alınmasının əsas yollarından birinin əhalinin bu istiqamətdə maarifləndirilməsi olduğunu bildirib: “Heydət Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə talassemiya xəstələri və onların yaxınları üçün ümid yeri sayılan Talassemiya Mərkəzi açılıb istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Proqram üzrə əhalinin talassemiyaya dair maarifləndirilməsi və sosial səfərbərliyi nəzərdə tutulub. Bu proqram çərçivəsində onlarla talassemiyalı xəstəyə dövlət hesabına sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib”.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu İradə Səməd-zadə talassemiya xəstəliyinin Azərbaycanda da geniş yayıldığını vurğulayıb. Talassemiyanın müalicə, müayinəsindən danışan hematoloq mütəmadi maarifləndirmə sayəsində xəstəliyin qarşısının alınmasını qeyd edib:
“Şəki, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı kimi rayonlarda talassemiya xəstələrinə daha çox rast gəlinir. 2015-ci ildən nikaha daxil olan cütlüklərin tibbi müayinəsinin aparılması talassemiya xəstəliyinin qarşısını alınması üçün əhəmiyyətli addım olub. Bununla da dünyaya gələcək talassemiyalı uşağın qarşısını almaq mümkündür”.

Tədbirdə iştirak edən Mərkəzi Qan Bankının Şəki bölməsinin müdiri Vüsalə İmamova isə qan donorluğu barədə tədbir iştirakçılarına məlumat verdi. Qan donorluğunun əhəmiyyətindən danışan V. İmamova 129 talassemiyalı xəstənin regional bölmədə qeydiyyatda olduğunu bildirdi. 2021-ci il ərzində 3522 nəfər qan verdiyini diqqətə çatdıran bölmə müdiri yığılan qanın 4 xəstəlik - sifilis, QİÇS, Hepatit C və Hepatit B üzrə yoxlanıldığını qeyd etdi:
 “İlk əvvəl xəstənin qan qrupu dəqiqləşdirilir. Bildiyimiz kimi 8 qan qrupu var. Talassemiyalı uşaqlarda ağırlaşmanın qarşısını almaq üçün alt qruplardan təyin olunur. Hazırki dövrdə ən əlverişli metod olan xüsusi seçim metodundan istifadə olunur. Talassemiyalı şəxsə təkcə qan vurulmaqla iş bitmir, xəstə hematoloq nəzarətində olmalıdır. Donor olmaq ən nəcib, ən ülvi hərəkətdir. Qan verən şəxsin orqanizmi yenilənir. Qan əvəzolunmayan orqandır. Ona görə də mütləq dərəcədə sağlam bədəndən alınır. Donorun sağlamlıq dərəcəsi yoxlanılır”.

Sonda iştirakçıların çoxsaylı sualarına cavab verildi.
Tədbir iştirakçılarına talassemiya və qan donorluğu barədə məlumatların toplandığı bukletlər paylanıldı.


Xəbər xətti