“Sərhədçilər əməliyyata Kəlbəcərdən başlamalı idilər, amma..." - Elçin Quliyev

09:41 - 27 Sentyabr 2022 - Xəbər

“Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident cənab İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi”. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində bildirib.

“Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik. Müzəffər Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər. Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı”, - deyə Elçin Quliyev qeyd edib.

Xəbər xətti