Neftin qiyməti 65 dollaradək ucuzlaşa bilər - Deputat

15:29 - 8 Sentyabr 2022 - İQTİSADİYYAT

Neftin dünya bazar qiyməti 1 gündən 7 faizdən çox ucuzlaşıb. Bir gün öncə bir bareli 94.0 dollara satılan Brent markalı nefti indi 88.0 dollardan ucuz təklif olunur. Avqustun son iş həftəsinin ilk günü ilə müqayisədə isə neft 17 faizdən çox dəyərsizləşib.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Vüqar Bayramov neftin qiymətindəki son azalmaların qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlı olduğunu qeyd edib: 
"Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.

Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çin iqtisadiyyatındakı gözlənilən artımlara nail olmaqda çətinlik yaradır. Sərt qaydalar səbəbindən hazırda Çində 65 milyon insan sərt karantin rejimində yaşayır.

Bu arada Qərbin İran ilə danışıqları daha da intensivləşib. İrana qarşı sanksiyaların yumşalacağı halda gələn ilin ikinci yarısı neftin bir barelinin qiymətinin 65.0 dollaradək ucuzlaşacağı istisna edilmir. Bütövlükdə, qlobal durğunluq, bazara daha çox neftin çıxarılması kimi proseslər neft bazarı üçün nikbinlik vəd etmir.

Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər".

Xəbər xətti