Paytaxtda şam ağaclarının müalicəsi üçün İsraildən mütəxəssis dəvət edilib - Foto

15:35 - 17 Avqust 2022 - Cəmiyyət

Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir.

Ucnoqta.az xəbər verir ki, dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Həmin alim və mütəxəssislər paytaxt ərazilərində bir sıra yerlərdə araşdırmalar aparıblar.

Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən Bakıya dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz artıq paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısınını alınması ilə bağlı tədbirlər planı hazırlayıb.

Bu işlər çərçivəsində bir neçə gündür ki, şam ağaclarının çox olduğu ərazilərdə onun nəzarəti altında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağaclara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir və onlar kimyəvi məhlullarla yuyulurlar. Eyni zamanda artıq müalicəsi mümkün olmayan və ətrafdakı ağaclar üçün təhlükə yaradan qurumuş ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin müvafiq rəyi əsasında kəsilərək utilizasiya edilir. Bu günə kimi Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmadığından kəsilərək utilizasiya edilən ağacların sayı 3 mindən çoxdur.

Qabriel Eliazzın qeyd etdiyi kimi dünya ölkələrində şam ağaclarında müşahidə edilən bu prosses 30 ildən çoxdur ki, davam etməyinə baxmayaraq 3 il əvvəl Qafqaz bölgəsində qeydə alınıb və bu gün Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir.

Əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması ilə bağlı tədqiqatlarda Mərkəzi Nəbatat Bağının alimləri də iştirak edirlər.

Ümumilikdə isə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktiki tədbirlər daha geniş miqyas alacaq.

Xəbər xətti