Milli Mətbuatın yaranmasının 147-ci ildönümündə Şuşada keçirilən tədbir zamanı baş verən hadisəyə Milli Məclisin deputatı Fazil Mustafa münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Şuşada keçirilən forumda baş verən hadisə haqqında öz fikirlərini bildirib:
"Bir müddət əvvəl bir siyasi din tüccarı həbsxanada aclıq edəndə belə bir ifadəni tirajlamışdılar: "Nəzarətçi Allahı təhqir etdiyinə görə adam aclığa başlayıb". Bu məmləkətdə ən qatı dinsizin dilindən belə Allahı təhqir etmək kimi bir ifadənin səslənişini gözləmədiyimiz halda, gündəmimizi zəbt edən bu "Allahın qoruyucusu" statusunu özü üçün mənimsəmiş birisinin həyasız davranışının fəqrinə varmadan eyni düşüncə şəklinin başqa istiqamətlərə yönəltməyə imkan tanıdıq. İndi də "Şuşada filankəslər içib şəhidlərimizi təhqir etdilər" ifadəsini mənəvi və hüquqi immunitetsiz sosial şəbəkə məkanımıza mənəviyyat məsələsi olaraq eyni qaydada tirajladılar. Bunlara; "Bu ölkədə içkili, içkisiz halda şəhidi kim təhqir edər və niyə də etməlidir?" kimi sualı verən varmı? Burada şəhidə aid olan nə mövzu ola bilər ki, hansısa azərbaycanlı onu təhqir etsin? Həm də bunu Şuşada etsin? Sadəcə kiminsə ürəyindən keçən ləyaqətsizliyi adiləşdirmənin yoludur bu. Əslində şəhidləri təhqir edəni məhz bu ifadəni tirajlayanların içində axtarmaq lazımdır. Necə ki, ötən gün diqqət yetirirəm ki, vaxtilə birbaşa rus canışını Polyaniçkonun himayəsi altında deputat seçilmiş birisi ağızdolusu ölkədə "5-ci kolon" təhlükəsindən danışırdı və az qala bütün vətənsevər insanları bu kolonun içinə dürtməyə çalışırdı. İz itirmənin sadə, bəsit yollarıdır bunlar.
Mənim spirtli içkiyə münasibətim tanıyanlara bəlli olduğuna görə aşağıdakı məqamı da rahatlıqla yaza bilərəm. Spirtli içkini zərərli sayıram və hər kəsə içməməyi tövsiyə edirəm. Hətta siqaretə qarşı da tutumum daha sərtdir. Bununla belə, bizim dünyəvi dövlətdə yaşadığımızı qəbul və həyati əhəmiyyətli hesab edirəm, başqa insanların həyat tərzinə qarışmağı da doğru saymıram. O halda "Şuşa kimi bir yerdə spritli içki içiblər!" təbliğatda yer alan mənəvi qadağanı anlamaqda çətinlik çəkirəm. Demək, "Bakı kimi Şəhidlər Xiyabanının, yüzlərlə şəhidin dəfn olunduğu qəbirstanlığın olduğu şəhərdə spirtli içki içmək olar, ən çox şəhidimiz olan Gəncədə, Şamaxıda içmək olar, ancaq Şuşada olmaz!" məntiqinin izahını tapa bilmirəm. Siqaret çəkmək necə olarmı? Yaxud Zəngilanda, Qubadlıda, Kəlbəcərdə necə? Oraların müqəddəsliyi bir qədər aşağıdırmı? Sabah oralara turistləri ancaq dini ritualları icra etməyə çağıracaqsınız? Şuşada məsciddən əzan səsi də gələcək, namaz da qılınacaq, bir tərəfdə də insanlar yeyib-içib əylənəcəklər! Bu qədər bəsit.
İndi Şuşada gözəl bir tədbir keçirilib, mətbuatımızın bir çox tanınmış simaları bir araya gəlib, əlbəttə, ora çağrılmayan dəyərli insanlar da olub, bunları da, narazılıqları da, razılıqları də anlayıram, ancaq nədəncə tədbiri ən azından media nümayəndələri urvatsızlaşdırmaqdan uzaq durmalıydılar. Məni maraqlandıran orada mediamızın gələcəyi ilə bağlı səsləndirilən, tövsiyə olunan əsas tezislər, fikirlərdir. Yoxsa, "kimsə masada kimləsə ucadan danışdı", "kimsə şəhidlər haqqında dodağını büzdü" cəfəngiyyatı çağdaş medianın tamamilə qurşaqdan aşağı məsələləridir. Əlbəttə, burada tədbirlə bağlı sağlam görüşlər ifadə edən media təmsilçilərinə yönəlik hansısa irad nəzərdə tutmuram".
Qeyd edək ki, iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda tədbirin qeyri-rəsmi hissəsində – şam yeməyi zamanı dava düşüb.
Time TV xəbər verir ki, haqqın.az xəbər saytının rəhbəri Eynulla Fətullayev və qafqazinfo.az xəbər saytının baş redaktoru Elbrus Ərud (Seyfullayev) şam yeməyi zamanı spirtli içki qəbul ediblər. Nəticədə sərxoş vəziyyətdə ətrafdakıları nəzərə almadan ağır söyüşlər söyməkdən çəkinməyiblər. Hadisəyə səbəb Eynulla Fətullayevin Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov barəsində ağır söyüşlərlə təhqir etməsi olub.
Buna etinasız qalmayan Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov “Burada igidlərimiz şəhid olub, heç olmasa onların ruhu xatirinə ədəbli olun”, – deyib sakitləşdirmək istəyi Eynulla Fətullayev tərəfindən qeyri-əxlaqi hərəkəti ilə qarşılanıb.
Bundan sonra Eynula Fətullayev bir qədər də aqressivləşib. Bu hadisə həmin tədbirdə iştirak edən jurnalistlərin bir çoxunun gözü qarşısında baş verib.
Haqqın.az xəbər saytının rəhbəri Eynulla Fətullayev isə özünün “Facebook” səhifəsində hadisənin baş verdiyini təkzib edib və bu xəbəri mətbuata ötürənləri trol və onların kuratorları adlandırıb:
“Hörmətli trolların və onların kuratorlarının nəzərinə! Tədbirdən sonra kiçik ziyafət oldu. Bu gün səhərdən, trollar və onların kuratorları bu ziyafətə, xüsusilə bizim masaya tərəf diqqəti yönəltməyə cəhd edir. Əslində, nə baş verib? Masada mən, həmkarlarım və dostlarım Elbrus Erud və Üzeyir Cəfərli əyləşmişdi. Bu arada masamıza Elbrus Erudun dəvətilə Şuşa qoruğunun əməkdaşı Zaur Həsənov gəldi.
Mən həmkarlarıma Şuşa şəhərinin başçısı Aydın Kərimovun müxalifətdəki, sonra Bakı portundandakı fəaliyyətindən bəhs edirdim. Bu fikirlərim Zaur Həsənovun xoşuna gəlmədi və o, etirazını bildirmək istəyərkən, ondan xahiş etdim ki masamızı tərk etsin. Əhvalımızı pozmasın… Sonra təkidlə xahiş etdim. Və məmur çıxıb getdi. Bu qədər bəsit.
Bir halda ki, kuratorlar bu xırda, “məişət” söhbəti ətrafında trol hücumu sifariş veriblər, o zaman heç olmasa əhvalatı olduğu kimi təqdim edin. Onsuz da gördüyünüz digər işlər kimi bu trolling də effektsizdi. Sizdən fərqli olaraq mən hədəfi həmişə sərrast vururam, bunu nəzərə alın! Hələlik bu qədər”.