Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır.
Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Bu baxımdan Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlanmasının əhəmiyyətini xüsusi vurğulayıb.
İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur.
Azərbaycan yeganə ölkədir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri layihələrinin hər ikisində iştirak edir
Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. Bu sahədə region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında xüsusi rola malik olmuşuq. Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Artıq 5 ilə yaxındır istifadəyə verilən BTQ qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.
Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla onu tranzit daşımalar mərkəzinə çevirib. Bu dəmir yolu ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq.
BTQ-nin əsas missiyası yalnız Asiya ilə Avropa arasında yükdaşımalarını həyata keçirmək deyil. Eyni zamanda, Şimaldan və Cənubdan gələn yüklərin Asiya və Avropaya daşınmasını təmin etmək də bu dəmir yolu xəttinin əhəmiyyətini bir daha göstərir. “Şimal-Cənub” və “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi cəhətdən ən optimal marşrutdur. Marşrutun yük bazasını Hindistan və Körfəz ölkələrinin Rusiya, Skandinaviya bölgəsi və Şimali Avropa ölkələri ilə ticarəti təşkil edir.
Hazırda Rəşt-Astara dəmir yolu xətti bu dəhlizin tamamlanması üçün əsas yoldur. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac edilən yüklər, dəmir yolu vasitəsilə İran və Azərbaycan üzərindən keçməklə Avropaya çatdırılacaq. Yüklərin əks istiqamətdə daşınması da məhz bu yolla həyata keçiriləcək. Bu dəhliz ixrac-idxal əməliyyatlarını bu marşrut ilə həyata keçirərək ticarət dövriyyəsini artıran digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq. Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək. Dəhliz tam fəaliyyətə başlayandan sonra birinci mərhələdə onun vasitəsilə ildə 5 milyon ton yük daşımaq, gələcəkdə bunu 10 milyon tona çatdırmaq və daha da artırmaq nəzərdə tutulur. Bu dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki dəfədən çox azaldılmasındadır.
Hazırkı geosiyasi vəziyyət Azərbaycanın tranzit imkanlarını dünya ölkələrinə bir daha göstərdi
Dəniz daşımaları qitələrarası daşımalar zamanı yüklərin çatdırılmasının əsas, bəzi hallarda isə yeganə mümkün üsuludur. Uzaq marşrutlarda dəniz daşımalarının maya dəyərinin aşağı olması, yükün parametrlərinə və tipinə qərəzsiz münasibət daşımaların bu tipinin əsas üstünlükləridir.
Multimodal daşımaların ayrılmaz tərkib hissəsi olan konteyner daşımaları yüklərin dəniz yolu ilə daşınmasında daha geniş yayılıb. Müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınmasında konteynerlərdən istifadə edilməsi malın çatdırılmasının dəyərini və buna sərf edilən vaxtı xeyli azalır. Şəksiz üstünlüklərə malik olan dəniz konteyner daşımaları nəqliyyat xidmətləri bazarında haqlı olaraq lider mövqe tutur.
Azərbaycanda da dəniz daşımalarının inkişafına Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz töhfəsini verir. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycan bu liman açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Çinin təşəbbüsü ilə başlanmış “Bir kəmər, bir yol” meqalayihəsinin əsas layihələrindən biri hesab edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı XXI əsrdə dünya ticarətinin və ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına çox böyük təsir göstərəcək.
Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların BTQ üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir.
İyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamağımızın vacibliyini bəyan edərək bildirdi ki, Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. “Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır” - deyən dövlətimizin başçısı həm də Azərbaycanın tranzit əhəmiyyətinin artmasını da diqqətə çatdırır. Bu o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən zamanında uzaqgörənliklə həyata keçirilən layihələr artıq dövrün tələbinə uyğun olaraq öz bəhrəsini verir. Dünyada baş verən geosiyasi vəziyyət ixrac və idxal ölkələrinin qarşısına ən təhlükəsiz və sərfəli nəqliyyat dəhlizindən istifadəni şərt qoyur. Ölkəmiz üzərindən daşınan yüklərin həcminin artması da onu göstərir ki, indiki şəraitdə bu missiyanı üzərinə götürə biləcək ən uyğun ölkə məhz Azərbaycandır. Bu səbəbdən də dövlətimizin başçısı, eyni zamanda, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinə toxundu. Bu zavodun imkanlarının yenidən araşdırılması, istehsal günün artırılması tranzit ölkə kimi mövqeyimizi daha da gücləndirəcək.
Qeyd edək ki, beş ayda dəniz limanları tərəfindən 4 milyon 560,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib ki, bu yüklərin də 4 milyon 293,5 min tonunu və ya 94,1 faizini tranzit yüklər təşkil edib.
Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi nəqliyyat-logistika sahəsində də yeni reallıqlar yaratdı. Təbii ki, söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.
İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə artıq start verilib. Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər davam edir.
Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Qeyd edək ki, bu xətlərin çəkilməsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün ilkin şərtdir. Bu səbəbdən də Horadiz-Ağbənd dəmir yolunda işlərin sürətlə həyata keçirilməsinə xüsusi önəm verilir. Birxətli dəmir yolu üzərində 8 stansiya tikiləcək. Bununla bərabər, layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılıb.
Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olmaq istəsə də, dünyada söz sahibi olan ölkələr buna böyük maraq göstərir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir. Ermənistan bu vasitə ilə Azərbaycana təsir etməyi düşünsə də, bu istəyi də ürəyində qaldı. Belə ki, bu il martın 11-də Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi barədə razılığa gəlinib. Tədbirdən sonra Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında memorandum imzalanıb.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yollarının açılması, eləcə də rabitə və enerji xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Qonşu ölkə ilə imzalanan memorandum həmçinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarını genişləndirəcək. Belə ki, Rusiya üzərindən ölkəmizə daxil olan yükləri İran üzərindən körfəz ilə yanaşı, yeni dəhliz vasitəsilə Türkiyəyə, Şərq ölkələrinə və Avropaya daşımaq mümkün olacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportu yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur
Azərbaycan hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması, hava limanlarının ən yüksək səviyyəyə çatdırılması, eləcə də hava məkanından istifadənin liberallaşdırılması istiqamətində ardıcıl işlər görür. Heydər Əliyev Beynəlxalq Aeroportu yükdaşımalarının və yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur. Bu ilin 5 ayında Azərbaycanda hava nəqliyyatı ilə 26 min 257 ton yük daşınıb ki, bu yüklərin dəyəri 610 milyon 166 min dollardır.
İşğaldan azad edilmiş ərazilərdə tikilən hava limanları Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasından əlavə ölkəmizin hava nəqliyyatı ilə yükdaşımalardakı rolunu da artıracaq. Azad olunmuş ərazilərdə inşa edilən ilk hava limanı – Füzuli Beynəlxalq Aeroportu Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək. Bu hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı, həm də həmin yerlərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir.