Hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Petroleum” QSC-dən bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilərkən bildirilib.
Məlumata görə, bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir.
Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.
“SOCAR Petroleum” QSC-nin 42 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.