Bəzi bankların kredit faizlərini artıra biləcəyi ilə bağlı iddialar səsləndirilib. Ekspertlər deyirlər ki, Mərkəzi Bankın etdiyi dəyişiklik kredit faizlərinin yüksəlməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanladıq. Aidiyyəti qurum məsləyə aydınlıq gətirib.
Yaxın aylarda banklar tərəfindən kredit faizlərinin artırılacağı ilə bağlı iddialar yayılıb.İqtisadçı ekspert Rəşad Həsənov bunu Mərkəzi Bankın 'Məcburi Ehtiyatların norması, hesablanması və saxlanması' qaydasına etdiyi dəyişikliklə əlaqələndirir. Onun sözlərinə görə dəyişikliyə əsasən, milli valyutada depozitlər üzrə Məcburi ehtiyatlar norması 0,5%-dən 4%-ə, xarici valyutada isə 1%-dən 5%-ə qaldırılıb.
Rəşad Həsənov bildirib ki, bu dəyişikliklə bank sisteminin kredit vermək qabiliyyəti də məhdudlaşa bilər.
Ekspert bildirib ki, 'böyük likvidliyi olan banklar depozit fazilərini azaltmaqla kredit faizi siyasətini qoruya bilər. Bu imkanı olmayan bankların isə kredit faizlərini artıracağı gözlənilir.
Bu məsələ ilə bağlı Mərkəzi Bank "Xəzər Xəbər"in sorğusunu cavablandırıb. Bildirilib ki, Faiz dəhlizinin parametrləri ilə bağlı əvvəlki qərarlar monetar şəraitin inflyasiyaya azaldıcı təsirini gücləndirməkdə davam edir.İnflyasiya təzyiqlərinin artdığı şəraitdə bank sektorunda mövcud izafi likvidliyin əlavə sterilizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur. Mərkəzi Bankın qərarı ilə "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır.Mərkəzi Bankın qiymətləndirmələrinə görə məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.044% artırıcı təsir göstərir. Bu da o deməkdir ki, izafi likvidlik şəraitində məcburi ehtiyat normalarının artırılmasının kredit faizlərinə artırıcı təsiri gözlənilmir.