Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 365,5 mln. manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 18,4% azalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 40,3% artıb, avtomobil benzininin istehsalı 19,2%, sürtkü yağlarının istehsalı 25,3%, dizel yanacağının istehsalı 33,4%, neft kimya sənayesində istifadə üçün benzin istehsalı 36,7%, neft koksunun istehsalı isə 44,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasına başlanılıb.