Qumbara partlaması nəticəsində ölən keçmiş məhkumla birgə tutulan şəxsə hökm oxundu

16:20 - 15 Aprel 2022 - HADİSƏ

Bakıda polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan qumbaranın partlaması nəticəsində ölən şəxslə birgə tutulmuş Elman Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Elman Qurbanov qanunsuz silah saxlamaqda və külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə ötən il iyul ayının 27-də baş verib. Rəsmi məlumata görə, həmin gün narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov ölüb.

Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb. Saxlanılan Elman Qurbanov barəsində Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 234.4.3-cü (külli miqdarda narkotik vasitənin dövriyyəsi) maddələri ilə yekun ittiham verilib.

Xəsarət alan polislərdən kapitan Elçin Səfərov bir neçə gün sonra xəstəxanada vəfat edib.///Apa

Xəbər xətti