Yarımçıq doğulmuş uşaqlarda dəmir defisitli anemiya daha tez inkişaf edir

10:23 - 13 Aprel 2022 - Leykoz

Anemiya qanın tərkibində hemoqlobinin və onun daşıyıcıları olan eritrositlərin azalması deməkdir. Orqanizmdə hemoqlobin hazırlanması üçün isə bədənə müxtəlif qidalar vasitəsilə dəmir (Fe) elementinin daxil olması tələb olunur və orqanizmdə dəmir elementi kifayət qədər yaranmadıqda dəmir defisitli anemiya (DDA) yaranır.  

Bu xəstəlikdən əsasən uşaqlar əziyyət çəkir və dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda da geniş yayılmışdır.
Hematoloq Nailə Babayeva bildirir ki, bu xəstəlik dünyanın bütün ölkələrində yayılıb: "Dünya əhalisinin təxminən üçdə birində dəmir defisiti var. ÜST-nin məlumatlarına görə inkişaf etməkdə olan ölkələrdə onun yayılması 55-60 faiz arasındadır, inkişaf etmiş ölkələrdə isə 18 faiz təşkil edir. Hər il dünyada ana ölümlərinin 20- 40 faizi DDA ilə əlaqələndirilir. Xüsusilə uşaqlar arasında da bu xəstəlik geniş yayılıb. Belə ki, Azərbaycanda 5 yaşdan aşağı uşaqlar arasında 66 faiz anemiya halları var. Göründüyü kimi bu xəstəlik uşaqlar arasında geniş yayılıb. Dəmir defisitli anemiyaya əsasən natamam qidalanan (yeni doğulmuş uşaqlara erkən inək südü verilməsi, tərkibində dəmir az olan qidaların verilməsi və s.), az çəkili doğulan uşaqlarda daha çox rast gəlinir. Qeyd edim ki, dəmir də digər mikroelementlər kimi hamiləliyin sonuncu həftələrində transplasentar yolla anadan uşağa verilir. Verilmiş bu dəmir yeni doğulmuş uşağın dəmir deposunun əsasını təşkil edir. Yarımçıq doğulmuş uşaqlarda bu proses həyata keçmədiyi üçün dəmir defisitli anemiya daha tez inkişaf edir. Belə ki, yarımçıq doğulma nə qədər erkəndirsə, dəmir defisitli anemiyanın yaranma riski də bir o qədər yuxarı olur. Yarımçıq doğulmuş uşaqlarda ümumi eritrosit kütləsi və ümumi orqanizmin dəmiri az, böyümə isə vaxtında doğulanlara nisbətən sürətli olur. Bu isə vaxtında doğulan uşaqlara nisbətən yarımçıq doğulanların daha çox dəmirə ehtiyacı olduğunu göstərir. Dəmir defisitinin proflaktikası aparılmırsa, ana südü ilə qidalanan yarımçıq doğulmuş uşaqlarda belə 2-3-cü aylarda dəmir defisitli anemiya inkişaf edir. Bu uşaqlarada ikinci aydan etibarən zərdab ferritin səviyyəsi enməyə başlayır və hemoqlobin miqdarı dəmir defisitinin proflaktikası aparılan yarımçıq doğulmuş yaşıdlarına nisbətən aşağı olur.

Deməli, valideynlər bilmədirlər ki, əgər onların övladı vaxtından əvvəl doğulubsa, yeni doğulan dövrdə çəkisi normadan az olubsa, əsas qida rasionu dəmirlə zənginləşmiş inək südündən ibarətdirsə, bu halda dəmir defisitli anemiyanın olma ehtimalı çox yüksəkdir.

Nailə Babayevanın sözlərinə görə, dəmir defisitli anemiya birdən-birə deyil, bir neçə mərhələdə inkişaf edir. “Əvvəlcə dəmir çatmamazlığı depo dəmir hesabına konpensasiya olunur. Orqanizmdə dəmir çatmamazlığının olmasına baxmayaraq klinik simptomlara rast gəlinmir. Anemiyanın klinikasında iki simtomokompleks üstünlük təşkil edir: Anemik və sidropenik simptomlar. Orqanizmdə oksigeni daşıyacaq hemoqlobinin miqdarı azladıqca oksigen aclığının əlamətləri olaraq ümumi zəiflik, başgicəllənmə, ürək döyünmə, fiziki iş zamanı tənginəfəslik, ürək döyünmənin artması, qan təziqinin normal olmasına baxmayaraq gözün qarşısında kiçik parıltı, iştahın pozulması, dərinin quruması, dırnaqlar sınmaya həssas olması, formalarının dəyişməsi, saç uclarının sınması, dadın dəyişməsi, diş məcunu, təbaşir, boya və s. yemək istəyi, iylərə qarşı qəribə alüdəçilik meydana çıxır. Bəzənsə xəstələr ilk olaraq baş ağrısından, qıcıqlanmanın artmasından, ağlağanlıqdan, əsəbilikdən və yuxusuzluqdan şikayət edirlər. Ürək- damar sistemində dəyişikliklər dəmir defistli anemiyanın ağır dərəcəsində yaranaraq taxikardiya, təngnəfəslik, arterial hiponiya, ürək küyləri, miokardin distrofiya xarakterizə olur. İmmunodefisit sindromu uzunmüddətli əbəbsiz qızdırma, ez-tez təkrarlanan bağırsaq infeksiyaları ilə səciyyələnir”.

Onun sözlərinə görə, uşaqlarda dəmir defisitli anemiyanın müalicəsi və profilaktikası  çox önəmlidir. “Südəmər dövrdə bu problemin həlli uşağın düzgün qidalanmasıdır. Hər bir körpə doğulduğu andan 6 ayınadək yalnız ana südü ilə qidalanmalıdır. Ana südünün tərkibində olan dəmirin 50 faizi körpənin bağırsaqlarından qana sorulduğu halda, inək südündən dəmirin yalnız 10 faizi sorulur. Dəmirin bağırsaqlardan sorulmasın qarşısını alan hər hansı bir dərman preparatı və ya xroniki xəstəliklər dəmir defisitinin daha nadir səbəbləridir.

Yuxarıda qeyd etdiyimiz kimi, anadan aldığı dəmir depoları və ana südü körpənin ilk 6 ay ərzində dəmirə olan tələbatını ödəyir. 6 aylığından isə əlavə verilən qida (yaşıl yarpaqlı tərəvəzlər, meyvə, dənli bitkilərdən hazırlanan məhsullar, yumutra sarısı, ən əsası isə qırmızı ət, balıq) ana südü ilə birgə körpəni dəmirlə təmin edir.

Lakin bunların verilməsinə baxmayaraq 6 ayından etibarən 24 ayına kimi olan müddət dəmir çatışmazlığının yaranması baxımından riskli dövürdür. Bunu nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, 4 aydan etibarən 1 yaşa kimi profilatik olaraq aşağı dozalarda damcı şəklində olan bir dəmir preparatının verilməsi vacibdir.

Dəmir defisitli anemiyası diaqnozu müəyyənləşdirilmiş uşaqlar (hemoqlobinin səviyyəsi 90-109 q/l arasında) dəmir preparatları (gündə 30 mq sirop və ya 3 mq/kq dozasında elementar dəmir) və ya dəmirlə zəngin qida (qarışıq) qəbul etməlidirlər. Bütün kiçik yaşlı uşaqlarda müalicənin effektivliyinə nəzarət məqsədi ilə müalicənin başlanmasından 1 ay sonra hemoqlobinin səviyyəsini təyin etmək lazımdır. Əgər təyin edilmiş müalicəyə müsbət cavab varsa (hemoqlobinin 10 q/l və ya daha çox artması) və ya hemoqlobinin göstəriciləri normaya çatırsa, onda müalicə daha 2 ay müddətində davam etdirilməli və bundan sonra dəmir preparatlarının təyini dayandırılmalıdır. Aparılmış müalicədən müsbət nəticə alınmadıqda və ya hemoqlobinin səviyyəsi 10 q/ldən az qalxdıqda, həkim xəstəni konsultasiya üçün hematoloqa göndərməlidir. Hemoqlobinin səviyyəsi 90 q/l-dən aşağı olan az yaşlı uşaqlar dərhal hematoloqun müayinəsinə göndərilməlidir.  Müalicə kursu bitdikdən sonra profilaktik məqsədlə 6 ay müddətində həftədə 1 dəfə elementar dəmir preparatının qəbulu məsləhət görülür.  Yüksək risk qrupundan olan 6-12 yaşında uşaqlara müvafiq dəmir əlavələri təyin etmək lazımdır. Onlara dəmirin parenteral yeridilməsi, eritrositar kütlənin  köçürülməsi göstəriş sayılır.  DDA-ya yüksək risk qrupu isə aşağıdakılar hesab olunurlar:  Vaxtından əvvəl doğulanlar, az çəki ilə doğulanlar, əsas qida rasionu dəmirlə zənginləşməmiş inək südündən ibarət olanlar.

Bu xəstəliyin profilaktikası üçün mütləq qida rasionuna diqqət edilməlidir. Hətta uşağa süd verən ana da, dəmir ilə zəngin olan qidalar istifadə etməlidir. Qırmızı ət, qaraciyər, alma, banan, xurma, nar, bal və s. məhsullar dəmir elementi ilə zəngin olan qida maddələri hesab edilirlər”.

Pünhan Əfəndiyev

 

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti