“Sədərək” firması şəhid əməkdaşının xatirəsini əbədiləşdirdi - FOTO/VİDEO

18:50 - 8 Dekabr 2021 - Cəmiyyət

Dekabrın 8-də Sədərək Ticarət Mərkəzinin həyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olan Vətən müharibəsi şəhidi Nəcməddin Əli oğlu Sarkayevin büstünün açılış mərasimi oldu.

Ucnoqta.az xəbər verir ki, tədbirdə “Sədərək” firmasının rəhbərliyi, Milli Məclisin deputatları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, sahibkarlar, media və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

“Sədərək” firmasının maliyyə dəstəyi ilə yaradılmış büstün açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Sədərək” firmasının direktor müavini Ənvər Qədimbəyli tədbiri giriş sözü ilə açaraq Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər haqqında danışdı. Ə.Qədimbəyli 44 gün davam edən bu müharibədə Azərbaycan Ordusunun döyüş əzmindən, şəhid və qazilərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açdı. O, həmçinin azad olunmuş ərazilərimizdə böyük abadlıq-quruculuq işlərinin həyata keçirildiyini qeyd etdi, “Sədərək” firmasının Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna, şəhid ailələri və qazilərə geniş maddi-mənəvi dəstək göstərdiyini vurğuladı.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Ordusu Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoyaraq torpaqlarımızı mənfur düşməndən azad etdi: “Bu gün Vətən müharibəsi şəhidi Nəcməddin Sarkayevin xatirəsini ehtiramla yad edirik: “Bu qəhrəmanımız İkinci Qarabağ müharibəsində mənfur ermənilərə qarşı şücaətlə vuruşaraq şəhid olub. Bu büstün yaradılması şəhidimizin əziz xatirəsinin daim anılması və xüsusən də gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi məqsədini daşıyır. Hər birimiz şəhidlərimizin həyat yolunu özümüzə örnək bilməli, onların həyat və döyüş yolunu öyrənməliyik.”

Milli Məclisin deputatı Nəsib Məhəməliyev çıxış edərək qeyd etdi ki, Vətən müharibəsinin ilk günündən etibarən Azərbaycanın əsgər və zabitləri böyük qəhrəmanlıq göstərdilər: “Bu gün biz şəhid Nəcməddin Sarkayev kimi igid qardaşlarımızın sayəsində Vətən müharibəsi haqqında qürurla, fəxrlə danışırıq. Bu Qələbəni Azərbaycanın cəsur, qəhrəman oğullarının sayəsində qazandıq. Bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəman və qorxmaz xalqdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlik ən böyük zirvədir. Onların valideynlərinə, yaxınlarına Allahdan səbir diləyirəm. Eyni zamanda, şəhidlərin valideynlərinin qarşısında baş əyirəm. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram.”     

Milli Məclisin deputatı Fazil Mustafa çıxış edərək qeyd etdi ki, Nəcməddin Sarkayev kimi minlərlə Azərbaycan övladı Vətən müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olub: “Şəhidlərimiz, qazilərimiz böyük şücaət göstərərək torpaqlarımızı azadlığa qovuşdurdular. Biz həm də ona görə bu şərəfli insanları uca tuta bilirik ki, bizim müstəqil dövlətimiz var. Hər birimiz müstəqil dövlətimizin qorunması üçün əlimizdən gələni etməliyik. Azərbaycan cəmiyyətində elə birlik modeli yaranıb ki, bu modelin müəllifi olaraq şəhidləri görməliyik. Şəhidlərimiz hansı bölgədən, hansı rayondan və kənddən olmağından asılı olmayaraq hamımızın əzizi, dəyərlisi oldular. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.”

Sədərək Ticarət Mərkəzinin sahibkarı Murad Əliyev, Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Xəzər Abdullayev  çıxış edərək Azərbaycan xalqının İkinci Qarabağ savaşında  göstərdiyi həmrəylikdən, Ali Baş Komandan İlham Əliyevin böyük Sərkərdəlik məharətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından söz açdılar.

Tədbirdə şəhid Nəcməddin Sarkayevin anası Tinay Sarkayeva çıxış edərək göstərilən diqqət və qayğıya görə “Sədərək” firmasının rəhbərliyinə minnətdarlığını bildirdi.

Sonra büstün açılışı oldu. Mərasim iştirakçıları büstün qarşısına əklillər qoydular, tər gül-çiçək dəstələri düzdülər.

Daha sonra tədbirdə “Biz sizinlə qürur duyuruq” foto-stendinin təqdimatı oldu, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığındakı “Şəhidlər bağı”nda ağacəkmə kampaniyası keçirildi. Kampaniyada Vətən müharibəsi şəhidlərimizin xatirəsinə 3 minə yaxın ağac əkildi. Həmçinin voleybol turniri təşkil edildi. Sonda “Şah” oteldə ehsan süfrəsi açıldı.

Qeyd edək ki, əslən Balakən rayonundan olan şəhid Nəcməddin Sarkayev “SMX” MMC-nin əməkdaşı olub.  Vətən müharibəsinə könüllü olaraq qatılan Nəcməddin 2020-ci il dekabrın 6-da Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəcməddin Sarkayev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 


Xəbər xətti