Avtomobil bazarında dələduz alverçilər peyda olub

“Avqust-sentyabr aylarında təkrar avtomobil bazarında bir qədər canlanma müşahidə edilir. Yanacağın qiymətinin artması fonunda insanlar daha çox mühərrik həcmi kiçik və yanacaq sərfiyyatı az olan avtomobillərə üstünlük verir”.

Bu sözləri “Report”a açıqlamasında avtomobil bazarındakı vəziyyətlə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, insanlar daha çox hibrid avtomobillərə üstünlük verir:

“Daha çox hibrid avtomobillər bazarda geniş şəkildə yayılmağa başlayıb. Təxminən 20 min manata qədər olan hibrid maşınlar daha çox satılır. Bu gün Bakıda da, bölgələrimizdə də hibrid avtomobillərə çox rast gəlirik. Bazarda bu avtomobillərin böyük payı var və onlara tələbat da böyükdür. Amma gömrük rüsumları azalmadığına görə qiymətlərlə bağlı müəyyən problemlər yaşanır. Ümumi bazarda ötən ilə baxanda bu il qiymətlərdə 15-20 % artım müşahidə edilir.

E.Muradlı bildirib ki, ümumilikdə Koreya, Almaniya, Yaponiyada istehsal olunan maşınlara tələbat daha çoxdur:
“Yaxşı haldır ki, insanlarımız Gürcüstan bazarından asılılığı getdikcə azaldır. Əvvəllər Gürcüstandan nasaz maşınlar gətirilirdisə, bu gün həmin maşınların daha yaxşısını iş adamları, maşın alverçiləri özləri Yaponiyadan, Almaniyadan, Koreyadan alıb gətirə bilirlər. Son vaxtlar bu tendensiyanın fonunda dələduzluq faktlarına şahid oluruq. ABŞ-dan maşın gətirmək adı ilə vətəndaşlardan pul alırlar və süründürməçilik edirlər. İndi bazarda dələduz maşın alverçiləri peyda olub. Vətəndaşların inamından sui-istifadə edirlər, internet üzərindən şəkil göstərirlər, vətəndaş maşını bəyənir, həmin alverçi də vətəndaşdan maşının qiymətinin yarısı qədərində pul alır, deyir ki, maşını 1-2 aya sənə verəcəyəm. Amma iki ay keçəndən sonra həmin şəxsi tapmaq olmur”.

Ekspert ABŞ-dan gətirilən avtomobillərdən də danışıb:

“Amerikadan gətirilən avtomobillərə, xüsusən “Toyota Prius”lara maraq azdır. Amerika avtomobilləri Azərbaycanda dözümlü deyil. Avropada istehsal olunan avtomobillər Azərbaycan üçün daha faydalıdır. Amerika bazarı üçün istehsal olunmuş maşınların Azərbaycanda satışının bir az riskli olduğunu düşünürəm. Çünki Amerikada tez-tez müxtəlif ərazilərdə təbii fəlakətlər olur. Orada suda batan, şüalanmaya məruz qalan və digər hadisələrlə üzləşən avtomobillər sonradan Azərbaycan və digər ölkələrə transfer edilir. Bu isə gələcəkdə təhlükəli hesab olunur”.

E.Muradlı hesab edir ki, hibrid avtomobillərə tələbatın artdığını nəzərə alaraq insanlarda onları almağa stimul yaratmalıyıq: "Bu stimul isə onların idxalına güzəştlərin tətbiq edilməsi ola bilər”.

Tarix
13 Sentyabr 2021 [16:34]
Müəllif
Üç nöqtə
2021-09-13 16:34:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin