Hər həftə qəpik-qəpik bahalaşan QİYMƏTLƏR- SƏBƏBLƏR NƏDİR? - VİDEO

13:17 - 6 Sentyabr 2021 - Cəmiyyət

Gündəlik yaşam mücadiləmizin əsas elementlərindən biri də qida məhsulları, daha doğrusu bu məhsulların qiyməti ilə bağlıdır.

Ucnoqta.az Apa TV-yə istinadən xəbər verir ki, bir çox hallarda ərzaq məhsullarına qoyulan süni qiymətlər dövlət standartlarından yüksək olur. Bu isə arzuladığımız qida rasionunu bizim üçün əlçatmaz edir.
Elə şəhər sakinləri də, süni qiymət artımı ilə az qala hər gün rastlaşdıqlarını deyirlər.

- Ərzaq məhsullarının qiyməti 20 qəpik, 30 qəpik hər gün bahalaşır. Marketlərdə kim necə istəyir, o cür qiymət qoyur. Məsələn şəkər tozunun, qəndin qiyməti, yağın qiyməti. Çörəkdən başqa, hamısının qiyməti bahalaşıb. Çörəyin də çəkisini azaldırlar ki, qiyməti dəyişməsin. Belə doğru deyil.

- Qiymət artımı məncə doğru deyil. Yay aylarında da, qış aylarında da olur bahalaşma. Ancaq yay aylarında daha çox olur bahalaşma. Gedirsən marketə baxırsan ki, 5 qəpik, 10 qəpik bahalaşma var.

Vətəndaşlar deyir ki, xüsusən yay aylarında süni qiymət artımına daha çox rast gəlinir ki, buna da səbəb tələbatın çoxluğudur. Belə ki, tələbatın çoxluğunu görən bəzi işbazlar ərzaq məhsullarının qiymətini süni şəkildə artırır:

- Eyni ərzaqları bir gündən sonra gedib alası olsan görəcəksən ki, qiymət dəyişib. Xüsusən yay aylarında kompot, mürəbbə bişirilir deyə şəkər tozunun qiymətini artırırlar. Kassa da oturana deyirsən ki, axı mən pulumu hesablayıb gəlmişəm, indi qiymət niyə bu cür olur? Deyir mənə belə deyiblər, bu cür işləyirəm.

Bəs qiymətləri kimlər və hansı şəraitdə artırırlar? Qida üzrə məsləhətçi Ağa Salamlının sözlərinə görə, bəzi işbazlar süni qiymət artımı üçün fürsət gözləyirlər: “Hansı ki, düyüdür, şəkərdir, qənddir. Bunlar sanki bir fürsət gözləyirlər ki, yay ayı olsun, hər kəs mürəbbə bişirsin və şəkər tozu bazarda kütləvi alınsın. Sonra bunlar baha qiymətə öz məhsulunu satsınlar. Qiymətlərə fikir versəniz qış ilə yay arasında fərqi görəcəksiniz. Bu da işbazların hiyləsidir. Ən yaxşı mal əti 14 manatadır. Quzu əti də 14 manatdır. Yaxşı mal əti quzu ətinə bərabərdir”.

Ağa Salamlı deyir ki, süni qiymət artımına səbəb olan amillərdən biri də xaricdən gələn məhsulların çoxluğudur: “Nəticədə yerli məhsul alınmır, qalır arxa planda. Yerli məhsul alınmadığı üçün isə kəndli məcbur olur növbəti ildə pestisidlərdən, süni gübrələrdən istifadə etsin və məhsulunu da baha qiymətə satsın. Çünki onların tərkibində süni qatqılar var. Çörəyin tərkibində qurdlanmaya, nəmlənməyə qarşı süni qatqı maddələri var və o süni maddələr çox bahadır”.

​Qeyd edək ki, istehlakçılar süni qiymət artımı, həmçinin istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və 195 Çağrı mərkəzinə məlumat verə bilərlər.

Xəbər xətti