Muğam müsabiqəsi Şuşada keçirilə bilər – Xalq artisti

13:04 - 5 Sentyabr 2021 - Mədəniyyət

Muğam müsabiqəsi Şuşada keçirilə bilər.

Ucnoqta.az xəbər verir ki, bunu xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov Qaynarinfo-ya açıqlamasında deyib.
Sənətkar bu il üçün keçirilməli olan Muğam müsabiqəsinin pandemiya səbəbindən təxirə salındığını da vurğulayıb:

"Bu il müsabiqənin vaxtı idi, amma olmadı, pandemiya imkan vermədi. Muğam müsabiqəsi canlı və tamaşaçı ilə keçirilməlidir. Müsabiqə tamaşaçısız olsa, o effekti verməyəcək. Hələ bundan əvvəl də müsabiqənin seçim turu olmalıdır. Seçim turu da bölgələrdə aparılır. Öncə müsabiqədə iştirak üçün 20 nəfər seçilməlidir".

Sənətkar teatr və konsert salonlarının açılmasına ümid etdiyini bildirib:

"Yaradıcılıqdan, səhnədən uzaq qalmaq sənət adamları üçün çox çətindir. İki ilə yaxındır ki, səhnəyə çıxmırıq, teatr və konsert salonlarımız bağlıdır. Yoluxma çoxdur, görək nə qərar verəcəklər. Amma hələ rəsmi sevindirici xəbər yoxdur. Təkcə teatr deyil, konsert salonlarımız da qapalıdır. Ümid edirik ki, vaksinləşmə prosesindən sonra yayılma azalar, salonlar açılar. Dərslərimiz də dayanıb. Bütün dərslər onlayndır. Onlayn dərsdə istədiyin səviyyə və keyfiyyət olmur, xüsusən də muğam sənətində".

Xəbər xətti