“Allahşükür Paşazadədən bundan başqa nə gözləyirdik ki?” - Tural Abbaslı

14:58 - 22 İyul 2021 - Xəbər

“Ola bilər ki, Allahşükür Paşazadə fikirlərini tam ifadə edə bilməyib. İstənilən halda, bir sual yaranır: Allahşükür Paşazadədən bundan başqa nə gözləyirdik ki? Nə deməli idi? Deyəcəkdi ki, İran yanlış mövqe nümayiş etdirib?!”

Ucnoqta.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri hesab edir ki, Allahşükür Paşazadənin açıqlamasından daha çox cəmiyyətin bu məsələyə münasibətini diqqətdə saxlamaq lazımdır: “Şeyx açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və İranın lideri Xameneinin fətvası qələbəni yaxınlaşdırdı. Amma nədənsə Xamenei mövzusu çox yayıldı. İran hökuməti də düşünməlidir ki, Azərbaycanda onlara qarşı olan bu aqressiyanın səbəbi nədir? İran bu aqressiyanı yaradan səbəbləri aradan qaldırmalıdır. Kim gözləyirdi ki, Allahşükür Paşazadə çıxıb "İranın tutduğu konstruktiv mövqe..." ilə başlayan cümlə quracaq? Hər kəs bilir ki, Vətən müharibəsi boyunca İran Ermənistanın mövqeyini dəstələyib, sadəcə, Azərbaycan ordusunun uğurlarını görüb müharibənin sonlarında neytral mövqe nümayiş etdirib”.

Qeyd edək ki, ötən gün Qurban bayramı münasibətilə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, Xameneinin fətvası Vətən müharibəsindəki qələbəmizin müjdəsi oldu. Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xəbər xətti