“Mediada islahatlara doğru” silsilə seminarları davam edir
20:03 - 23 İyun 2021 - MEDİA
Medianın İnkişafı Agentliyi (MEDİA) və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” silsilə seminarları davam edir.
Seminarların ikinci həftəsində redaktorlar “Al Jazeera”nın iş prinsipləri və xəbər təcrübəsi ilə tanış olublar. “Al Jazeera”nın baş müxbiri Rəsul Sərdar Ataş “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi” , “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış edib.Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib ki, təmsil etdiyi qurum tərəfindən ölkədəki media subyektləri ilə seminarların keçirilməsinə bu ilin yanvar ayından başlanılıb: “Ölkə Prezidentinin Mediada islahatların dərinləşdirilməsinə dair sərəncamına əsasən həm Medianın İnkişafı Agentliyi yaradılıb, həm də mediada islahatlar çərçivəsində görüləcək tədbirlər müəyyənləşib. Yanvarın sonlarından başlayaraq mətbuat xidmətlərinin rəhbərləri, dövlət qurumlarının media menecerləri üçün seminarlar təşkil olunub. İndiki seminarlara isə media menecerləri, əsasən baş redaktorlar cəlb olunub. Burda da məqsəd Azərbaycanda media islahatları ilə baş redaktorları tanış etmək, "Media haqqında" qanunun əsas prinsipləri barədə məlumat vermək, "ADA" Universitetinin, "Al Jazeera", "Haber Global"ın ekspertlərinin iştirakı ilə medianın vəziyyəti, müasir çağırışları müzakirə etməkdir. Bu, fikir platformasıdır və təkcə bizim üçün deyil, burda fikir bölüşən hər kəs üçün maraqlıdır. Biz medianın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini müzakirə edirik. Jurnalistika fakültələrinin tələbələri üçün də oxşar proqramlar nəzərdə tutulub”.
N. Məmmədli qeyd edib ki, ümumiyyətlə, MEDİA-nın jurnalistika ixtisasının inkişaf etdirilməsi ilə bağlı iki istiqamətdə fəaliyyəti nəzərdə tutulur: cəmiyyətin media savadlılığının artırııması və jurnalist kadrların potensialının yaxşılaşdırılması və müasirəşdirilməsi. İlin sonunadək həmin layihələrin bir hissəsi həyata keçirləcək. Seminarda səslənən problem və təkliflərin MEDİA tərəfindən nəzərə alınıb-alınmamasına gəlincə, Natiq Məmmədli bildirib ki, seminarlardan sonra mətbuatda hansı məzmun və keyfiyyət dəyişikliklərinin baş verəcəyi təmsil etdiyi qurum üçün də maraqlıdır: "Mətbuatın monitorinqini həyata keçirəcəyik. Burda səslənən fikirlər sadəcə fikir olaraq qalmayacaq. Səslənən fikirlərin böyük əksəriyyətini biz bilirik. Elə nüanslar da var ki, onları təkmilləşdirmək lazımdır. Müəyyən monitorinqlərdən sonra biləcəyik ki, bu seminarlar bizim media rəhbərləri üçün nə qədər effektiv olub".
Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsi iştirak edir. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparırlar.