Rusiyada Dağlıq Qarabağ xəritədə ayrı bir dövlət kimi TƏQDİM OLUNDU - FOTO

13:43 - 18 İyun 2021 - Xəbər

Sankt-Peterburqdakı azərbaycanlı gənclər Rusiyanın “Şərq Muzeyi”nin rəhbərliyinə kəskin etirazlarını bildiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib:

"Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatı nəzdindəki Azərbaycan Gəncləri Birliyi Rusiyanın "Şərq Muzeyi"ndə sərgilənən təxribatçı ekspozisiyaya kəskin etirazını bildirib.
Azərbaycan Gəncləri Birliyinin sədri E.Manafovun imzası ilə "Şərq Muzeyi"nin direktoru Aleksandr Sedova ünvanlanan məktubda deyilir:

"Çox təəssüf ki, xüsusi həssaslıqla rəhbərlik etdiyiniz belə nüfuzlu qurumdakı ekspozisiyaların arasında nümayiş olunan "Qafqazın Dekorativ və Tətbiqi Sənəti" guşəsində Azərbaycan torpaqları, yəni Dağlıq Qarabağ xəritədə ayrı bir dövlət olaraq təqdim olunub. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Dağlıq Qarabağ hər zaman Azərbaycan Respublikasının bir hissəsi olub. Bunu bütün dünya ölkələri və xüsusən də Rusiya Federasiyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı sübut edir".

Qeyd edilib ki, muzeyin ziyarətçilərinə təqdim olunan informasiya həqiqətə uyğun deyil: "Bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafeyinə və Rusiya–Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etmir. İki ölkənin Prezidentləri Vladimir Putinin və İlham Əliyevin arasında yaranmış qardaşlıq münasibətləri xalqlarımızın dostluğunun sarsılmazlığının təminatıdır".

Gənc soydaşlarımız muzey rəhbərliyini məlumatları ciddi və etibarlı şəkildə araşdırmağa çağırıblar: "...rəhbərlik etdiyiniz muzeyin əhəmiyyətini çox yaxşı anladığımızdan, ölkə daxilində və xaricində gözlənilməz nəticələr doğura biləcək müvafiq reaksiyaya səbəb olmaması üçün birgə səylərimizlə məlumatları etibarlı şəkildə araşdırmalıyıq. Ümid edirəm ki, Rusiyada yaşayan azərbaycanlı gənclərin narahatlığını və məyus olduğunu çatdıra bildim. Rusiya bizim Vətənimizdir, amma Azərbaycan da ürəyimizin bir hissəsidir".


Xəbər xətti