“Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur!”
İLHAM ƏLİYEV
Yola saldığımız həftə təkcə Azərbaycan dövləti yox, bütün dünya azərbaycanlılarının adına qazandığımız qələbənin növbəti təntənəsini yaşadıq. Sonuncu dəfə 1989-cu ildə keçirilmiş Qarabağımızın taxt-tacı olan Şuşanın rəmzləri ilə bağlı olan “Xarıbülbül” Musiqi Festivalını 32 ildən sonra bərpa etməklə, dünyaya siyasi mesajlarımızı daha tez qavranılan musiqinin dili ilə çatdırmış olduq və dostlarımızın sevincinə sevinc qatdıq, düşmənlərimizi isə yenə də məyus etdik.
Təbii ki, səbəkarlar - bizə hədsiz bu sevincli günləri bəxş edənlər - Müzəffər Ali Baş Komandan və onun dastan yazan qəhrəman, şərəfli igid əsgərləriydi. Ona görə, bir daha bu yolda şəhid olanlarımızın müqəddəs ruhları qarşısında baş əyirik, onları ilk növbədə vətənimizin dar günü üçün böyüdüb boya-başa çatdıran anaların əllərindən öpürük, qazi qardaşlarımız da daxil olmaqla hər kəsə nə qədər minnətdar olsaq, təbii ki, bu onların əziyyətinin yanında heçnədir.
Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə düzənlənən “Xarıbülbül” musiqi festivalına təkcə mədəniyyət və incəsənətimizin tərənnümü kimi baxmaq olmaz. Burada 44 gün müddətində böyük zəfərlə sonlanan Vətən Müharibəsindən sonra bizi eşitmək istəməyən ermənilərin havadarlarına çatdırdığımız açıq mesaj ondan ibarət idi ki, Azərbaycan müxtəlif xalqların bir yerdə sülh və əmin-amanlıq içərisində, təhlükəsizlik şəraitdə yaşadığı və dünyaya nümunə göstəriləcək azsaylı ölkələrindən birincisidir. Bu mesajı dövlət başçısı festivalın açılış mərasimində daha aydın, dəqiq ifadə etdi:
“…Birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi…”.
Festivalda təqdim olunan ayrı-ayrı xalqların musiqi nümunələri tədbirin həm canlı iştirakçıları, həm də televiziya qarşısında izləyən milyonların böyük sevincinə və alqışına səbəb oldu. Azərbaycan dövlətinin dilindən, dinindən, milliyyətindən asılı olmayaraq öz vətəndaşına, onun sahib olduğu fərqli mədəni, dini dəyərlərinə, yaratdıqları və yaşatdıqları tarixi, milli, özlərinə məxsus ənənələrinə yüksək hörməti baxın, budur. Heç şübhəsiz ötən əsrin 80-ci illərinin sonlarından separatçılıq fəaliyyəti ilə Qarabağ erməniləri Azərbaycanın başına müsibətlər gətirməsəydi, məhz, Şuşanın Cıdır düzündəki festivalda Azərbaycan vətəndaşı kimi ermənilərin də musiqisi (özlərinin olmasa da, başqa millətlərdən oğurladıqları) səslənəcək, təqdimatları olacaqdı.
Amma və lakin özlərini rəzil duruma saldıqları üçün, bu baş vermədi. Maraqlıdır, türklərlə bir yerdə yaşaya bilməyin qeyri mümkün olması nağıllarını uyduran ermənilər buna əvvəlcə özlərini, sonra da xarici lobbinin gücü ilə olduqları ölkələri inandırmaqda davam edirlər. Ancaq həm özləri, həm də onlarla eyni düşüncəni paylaşan ölkələrdə yaxşı başa düşürlər ki, Azərbaycan multikultural və tolerant dəyərlərin yüksək səviyyədə qiymətləndirildiyi ölkə olsa da, birdən müstəqil olmaq eşqinə düşən ermənilərə öz tarixi ərazilərində ikinci dövlət yaratmağa heç vaxt imkan verməzdi, vermədi və heç vaxt da verməyəcək.
Ona görə “DƏMİR YUMRUQ” olaraq birləşən bütöv bir xalq canından, qanından keçməyi əsirgəmədi. 44 günlük müharibə ilə ölümün üzərinə şüurlu surətdə gedən 3 minə yaxın qəhrəman şəhidlərimiz bunu sübut etdilər. Necə ola bilər ki, talış, ləzğı, tat, udin, yəhudi, avar, rus və sair kəmiyyətdə az, keyfiyyət baxımdan zəngin xalqların nümayəndələri ilə bir dəfə də olsun etnik qarşıdurma yaşamayan, milli ayrı-seçkilik salmayan azərbaycanlılar (türklər) elə kəmiyyət və keyfiyyət baxımdan digər xalqlarımızın heç biri ilə müqayisəyə gəlməz ermənilərlə bir ölkənin vətəndaşı olmaq problem oldu?
Görünən odur ki, bu problem artıq həll olunub, tarixə qovuşub. Böyük zəfərdən qısa vaxt keçməsinə baxmayaraq işğaldan azad olmuş Qarabağ və ətraf rayonlarda geniş kompleks işlərə start verilib. Tikinti quruculuq işlərinin miqyası gündən günə genişlənməkdədir. Şuşamız isə mədəniyyət paytaxtı seçilib, bununla bağlı ilk tədbir Musiqi Festivalı da baş tutub, davamı da gələcək. Gələn il qeyd ediləcək Şuşanın 270 illiyinin indidən elan edilməsi bundan xəbər verir.
Lakin məsələ ondadır ki, Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı olmayacaq, o eyni zamanda dünya elm və mədəniyyətinə ölməz sənətkarlar, görkəmli alimlər bəxş edən Qarabağ bölgəsinin elm mərkəzinə də çevriləcək. Bu Şərqin musiqi beşiyində dünyanın elm adamlarının bir araya gəldiyi beynəlxalq konfranslara, elmi seminarlara, simpoziumlara ev sahibliyi edəcək. Bu möhtəbər elm tədbirlərinə təşrif buyuracaq dünyanın aparıcı elm mərkəzlərinin alimləri həm də Müzəffər Ordumuzun yaratdığı şah əsərlə yerində tanış ola biləcəklər. Unutmayaq ki, bütün müstəvilərdə alimin sözü elmə əsaslandığı üçün ən etibarlı mənbələrdən biri kimi qəbul edilir. Bu nöqteyi-nəzərdən Azərbaycanın yaratdığı yeni reallıqları alimin, elm adamının dili ilə dünyaya duyurmağımız gərəkir.
Azərbaycan Milli Elmlər Akademiyasının işğaldan azad edilmiş ərazilərdə aparılacaq elmtutumlu bərpa və quruculuq layihələrinin əks olunduğu 14 bəndlik fəaliyyət proqramının icrasına da artıq başlanılıb. Müxtəlif elm sahələri üzrə mütəxəssislərimiz, o cümlədən arxeoloqlar hazırda bu bölgənin qədim yaşayış məntəqələrində arxeoloji qazıntılar aparırlar, torpaqşünas, bioloq alimlərimiz ərazinin zəngin torpaq, flora, faunasını araşdırırlar. Bu prosesə şübhəsiz növbəti mərhələlərdə digər elm sahələri üzrə tədqiqat qrupları da qoşulacaqlar. Lakin məqsədəuyğun hal o olar ki, bu elmi tədqiqatlara xarici ölkələrin elm mərkəzlərinin tədqiqat qrupları cəlb edilsin. Çünki bu yanaşma aparılacaq müştərək beynəlxalq tədqiqatların mühüm nəticələrini nüfuzlu jurnallarda yayımlamaq və beynəlxalq auditoriyalarda məruzə etmək üçün əlavə imkanlar yaradacaq. Bunun üçün xaricdə yaşayan, çalışan alimlərimizin imkanlarından da istifadə olunmalıdır. Birgə fəəliyyət planını hazırlamaq, onların rəy və təkliflərini nəzərə almaq üçün onların elə bu yaxınlarda, Şuşaya səfərini də təşkil etmək və interaktiv müzakirlərini keçirmək olar.
Prezident İlham Əliyevinin də bəyan etdiyi kimi görüləcək işlər çox, vaxtımız isə yoxdur, bu işlərdə yeganə rəqibimiz zamandır.
ƏFSUN SUCAYEV
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
kimya elmləri doktoru, dosent