SOCAR UEFA ilə əməkdaşlığı dayandırdı

21:29 - 14 May 2021 - Xəbər

2019-cu ildən etibarən SOCAR dünya iqtisadiyyatının sürətli transformasiyası, dördüncü sənaye inqilabı və enerji keçidi ilə əlaqədar olaraq, öz biznes strategiyasına yenidən baxılması və yeni strategiyanın hazırlanması ilə bağlı qərar verib.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov məlumat verib. Şirkət rəsmisi bildirib ki, SOCAR-ın yeni davamlı inkişaf strategiyası “McKinsey” şirkətinin dəstəyi ilə hazırlanıb və 2035-ci ilə qədər dövrü əhatə edir. Strategiya SOCAR-ın Müşahidə Şurasına artıq nəzarət və təsdiq üçün təqdim olunub.

Son dövrdə SOCAR yeni strategiyanın müəyyən etdiyi inkişaf istiqamətlərindən kənarda qalan bütün xərclərini ixtisar etməyə başlayıb:
“Keçmişdə həyata keçirdiyimiz bəzi başqa layihələr kimi UEFA ilə tərəfdaşlığın uzadılması məsələsi də şirkətin yeni biznes strategiyası çərçivəsində məqsədəuyğun görülmədi. Beləliklə, SOCAR xərclərə qənaət edərək, UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib və sözügedən tərəfdaşlığın başa çatdırılması ilə bağlı UEFA-ya müraciət edib. Artıq bununla bağlı razılıq əldə olunub”.

“SOCAR Avropanın futbol ailəsi ilə keçmiş əməkdaşlığından məmnun olduğunu bildirir və Avropanın bütün futbol federasiyalarına, UEFA-ya aid olan bütün futbol komandalarına və CAA11 heyətinə səmərəli əməkdaşlıq üçün təşəkkür edir. SOCAR eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru qalmağa davam edir və bu minvalla Avropanın futbol ailəsi ilə əməkdaşlığını davam etdirəcək”,  - deyə İ.Əhmədov bildirib.

Xəbər xətti