AFFA Rəşad Sadıqovu cəzalandırıb

16:51 - 5 May 2021 - İDMAN

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov cəzalanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” – “Keşlə” oyununda baş verənləri müzakirə edib. Nəticədə həm Sadıqov, həm də baş verənlərdə günahkar hesab olunan digərləri cəzalandırılıb.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 12 nömrəli futbolçusu Lazar Corceviç “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, 3200 manat cərimə olunur;

“Zirə” klubunun 2 nömrəli futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olmasına görə  2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;

“Zirə” klubunun məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunur;

“Zirə”  – “Keşlə” oyununda stadiona qanunsuz daxil olanlara görə meydan sahibi klub 800 manat cərimə olunur;

“Zirə”  – “Keşlə” oyunundan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur;

“Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Xəbər xətti