Aprelin 26-da Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi başlayıb. Sərgidə Azərbaycan da vahid ölkə stendi ilə təmsil olunur.
İqtisadiyyat Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycan stendində ölkəmizdə istehsal edilən qida və içki məhsulları nümayiş olunur, Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı təqdim edilir.
Sərgi çərçivəsində keçirilən “Ölkələr təqdimatı” adlı panel iclasında Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib.
3 gün davam edən sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti yerli şirkətlərlə ticarət və investisiya əməkdaşlığına dair görüşlər keçirəcək.
Qeyd: Çindao Çinin ən böyük liman şəhərlərindən biri olmaqla yanaşı, Şandon əyalətinin əsas iqtisadi mərkəzi sayılır.