Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən 3 il ötür

Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən 3 il ötür.

Cənab İlham Əliyevin Respublika Prezidenti kimi fəaliyyətinin 2018-ci ilə qədərki dövründə kifayət qədər ciddi işlər görülmüş, qlobal layihələr reallaşdırılmaqla ölkənin iqtisadi müstəqilliyinə, resursların düzgün şaxələndirilməsi nəticəsində maliyyə sabitliyinə, ordu quruculuğu və müdafiə sənayesi sahəsində inqilabi dəyişikliklərə nail olunmuş, ciddi hərbi siyasi tərəfdaşlıqlar yaradılmış, habelə, əsas ümummilli problemimiz olan Qarabağ münaqişəsi üzrə ədalətli hüquqi bazanın formalaşdırılması istiqamətində həlledici regional və beynəlxalq hüquqi aktlar qəbul edilmişdir.

Hazırkı 3 illik perioddan danışanda isə təbii ilk ağla gələn Vətən müharibəsindəki şanlı qələbəmiz olur. Heç şübhəsiz ki, bu qələbənin özülündə dayanan ən vacib amil İlham Əliyev şəxsiyyətidir. Məhz cənab Əliyevin sayəsində ölkədə xalq-dövlət-ordu birliyinə nail olundu və bu milli birlik də qələbəmizin rəhnini təşkil etdi.

Bu qələbə ilə cənab Əliyev Cənubi Qafqazda sülh və stabilliyin, ümumilikdə bölgədə isə yeni əməkdaşlıq platformalarının, türk dünyasını, o cümlədən Şərqlə Qərbi birləşdirən kommunikasiya xətlərinin memarına çevrildi.

Son 3 il həmçinin, struktur islahatları və korrupsiya ilə mübarizədə həlledici bir dönəmin başlanğıcı oldu. Dövlət aparatına illərdir kök salmış və ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyəti orqanlarını korrupsiya yuvasına çevirmiş şəxslərə qarşı radikal tədbirlər görüldü və belə şəxslərin bir çoxu məsuliyyətə cəlb edildi. Həmçinin dövlət təşkilatlarının faydalı iş əmsalını artırmaq üçün struktur və menecment islahatlarına start verildi və proses bu gün də davam edir.

Bundan başqa, son 3 il ərzində vətəndaş cəmiyyətinin qurulması, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları ilə işin və əməkdaşlığın səmərəli təşkili istiqamətində real addımlar yeni siyasi mühitin formalaşmasına səbəb oldu. Heç şübhəsiz Vətən müharibəsində siyasi partiyaların vahid mövqedən çıxış etməsinin kökündə dayanan amillərdən ən vacibi məhz Prezident Əliyevin yaratdığı bu uğurlu siyasi konfiqurasiya oldu.

Son 3 il üzrə təhlil aparırıqsa, COVİD-19-la mübarizə məsələsi də diqqətdən kənar qalmamalıdır. Əminliklə demək olar ki, cənab İlham Əliyevin pandemiya şəraitində fəaliyyəti də ən az Vətən Müharibəsindəki qətiyyəti qədər tarixə qızıl hərflərlə yazılacaq.
Dövlət başçısı COVİD-19-la mübarizədə beynəlxalq səyləri məhz Azərbaycanın liderliyi ilə Türk Şurasında, daha sonra Qoşulmama hərəkatı və BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində birləşdirə bildi.

Pandemiyanın ilk dalğası ərzində Azərbaycan beynəlxalq sosial öhdəlik nümunəsi yaradaraq 30-dan çox dövlət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı üçün donora çevrildi. Cənab İlham Əliyev bu istiqamətdə ədalətli liderlik missiyasını davam edərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsinin qəbuluna nail olmaqla sözün əsl mənasında tarix yazdı.

Əlbəttə, 3 il qısa müddətdir, lakin, görülən işlərin həcmi göstərir ki, bu müddət nəinki Azərbaycan, ümumilikdə bölgənin taleyində böyük dəyişikliklər üçün İlham Əliyevə kifayət edib. Əminliklə demək olar ki, bütün bu uğurlarda əsas yol xəritəsi isə dövlət başçısının xalqla kommunikasiyanı düzgün qurması və yalnız xalqa arxalanması hesab olunmalıdır.

Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı

Tarix
11 Aprel 2021 [12:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-11 12:55:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin