Qarabağımızı mədəniyyət, həm də elm mərkəzinə çevirəcəyik

12:14 - 17 Mart 2021 - SİYASƏT

Azərbaycanın qədim və tarixi torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğaldan azad olunmasının böyük sevincini yaşamaqdayıq. Etiraf etmək lazımdır ki, o torpaqların 30 ilə yaxın işğal altında qalması və aparılan sülh danışıqlarının sonsuza qədər uzanması son zamanlar “bir də o torpaqlarımıza heç vaxt qayıda bilməyəcəyik” ümüdsüzlüyü yaratmışdı. Bəzən öz-özümüzə sual verirdik ki, I Qarabağ müharibəsini alovlanmasına vəsilə olmuş Topxana meşəsindən keçib, elə Dağlıq Qarabağımızın tacı olan Şuşaya birdə ayaq qoya biləcəyik.

Amma və lakin Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuz çoxlarımız üçün az qala əlçatmaz olanı əlçatan, namümkünü mümkün etdi. Ona görə, sındırılmış qürurumuzu özümüzə qaytaran, əyilmiş qamətimizi dikəldən və indiyə qədər yaşamadığımız sevincli günləri bizə yaşadan şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik, onların valideynlərinin əllərindən öpürük. Sağlamlığını itirən qazilərimizə, ümumiyyətlə, bütöv qələbəmizdə bu və digər formada pay sahibi olan bütün müharibə veteranlarımıza cani-dildən, sidqi-ürəkdən təşəkkürümüzü bildiririk. Əlbəttə, bundan sonra nə qədər minnətdarlıq etsək də, bu onların etdikləri qarşılığında yenə az olacaq.

Cənab Prezidentin də bəyan etdiyi kimi hər bir şəhid bizim üçün dəyərlidir, əvəzolunmazdır. Həm də, unutmayaq ki, bu problemin sülh yolu ilə həlli üçün bütün imkanlar axtarıldı. Nə yazıq ki, ölkə rəhbərimizin alicənablıqla ortaya qoyduğu xoş məramı, səmimi niyyəti qarşı tərəfdən dəyərləndirə bilən bir ağıl sahibi olmadı. Bu Vətən Müharibəsində iki ən yaxın qohumunu itirən (kiçik çavuş Çərkəz Teyyubov, əsgər Ruhid İslamlı) şəhid yaxını kimi bu sözləri ifadə etmək nə qədər çətin olsa da, bəzən düşünürəm, sülh yolu ilə bu torpaqları geri ala bilsəydik, indiki kimi qürurlu davrana bilərdik? Təbii ki, sevinə bilərdik, ancaq inanın, o döyüşlə alınan Zəfərin yerini verməzdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, ruhları şad olsun!

Artıq göründüyü kimi müharibə bitib, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb. Böyük Qayıdış, quruculuq və inkişaf dövrünə qədəm qoymuşuq. Hazırda Ali Baş Komandanımız həyati riskləri göz önünə alaraq, şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına geri qaytarılan torpaqlarımıza ayaq basır, hər bir rayonu, kəndləri qarış-qarış gəzir. Bununla dövlət başçımız:

birincisi, o torpaqları ilk olaraq özü, ailə üzvləri ziyarət etməklə, igid qəhrəmanlarımızın şəhidliyə ucaldığı müqəddəs torpaqlara hər səfərində “işğal olunmuş ərazilərimiz məhz, Şanlı Ordumuzun zabitlərinin, əsgərlərinin qəhrəmanlığı sayəsində azad olunub” deməklə həm də şəhid və qazilərimizə təkrar-təkrar minnətdarlığını ifadə etmiş olur;

ikincisi, əzəli və əbədi düşmənlərimiz olan ermənilərə və onların havadarlarına “əsl sahiblərinin qayıtdığı bu torpaqlar tarixən bizim olub, bizimdir və bundan sonra bizim olacaq” mesajın vermiş olur;

üçüncüsü, o yerlərdən 30 ildir didərgin düşmüş qaçqın və məcburi köçkünlərə “öz dədə-baba torpaqlarınıza geri dönüşlə bağlı heç bir tərəddüdünüz olmasın. Necəki mən gəlmişəm, sizlər də gəlməlisiniz. Bundan sonra bir daha bu yerləri tərk etmək məcburiyyətində də qalmayacaqsınız. Ali Baş Komandan kimi mənə etibar edə bilərsiniz, çünki sözümüz imzamızdır!” fikirlərini çatdırmış olur. Eyni zamanda azad olunmasından qısa vaxt keçməsinə baxmayaraq artıq tikinti-quruculuq mərkəzinə çevrilən o torpaqlarda həyata keçirilən bərpa prosesində təməlqoyma mərasimlərini özü gerçəkləşdirən Müzəffər Komandan ermənilərin xarabaya döndərdiyi yerləri, azərbaycanlıların gülüstana çevirdiyini “erməni təşşübkeşləri”nə bir növ bu iki xalqın fərqləri kimi çatdırmış olur.

Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi proqram xarakterli çıxışında dövlət başçımız post-müharibədən sonra qarşıda ölkəmizin parlaq gələcəyi, ordu quruculuğu, şəhid ailə üzvləri, qazilər və müharibə iştirakçılarına diqqət və qayğı, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına mərhələli qayıdışı, eyni zamanda hər bir müstəvidə Azərbaycanın tarixi  həqiqətlərinin təbliği və sair kimi bir sıra zəruri məsələlərin həllində partiyamızın üzvlərinin fəal olmasını tövsiyə etdi.

Əslində bu təkcə partiya üzvlərinə yox, ümummilli maraqlarını hər şeydən üstün tutan, siyasi əqidəsindən, vəzifəsindən, ixtisasından, harada yaşamasından aslı olmayaraq hər kəsə ünvanlanmış bir müraciət idi. Cənab Prezidentin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, cənab Ədalət Vəliyev tərəfindən yüksək səviyyədə həyata keçirilən ölkədə siyasi və milli həmrəyliyin yaradılmasına xidmət edən “Siyasi dialoqun Azərbaycan modeli”in yaradılması da öz məntiqi nəticəsini verməkdədir, ona görə yuxarıda qeyd olunan əsas hədəflərə çatmaq üçün ölkəmizin bütün təbəqələrinin nümayəndələri, xüsusən də alimi, müəllimi, həkimi, bir sözlə bütün ziyalıları bu prosesə öz töhvəsini verə bilər.

Bəs, akademik elmin təmsilçiləri olaraq bizim bu məsələlərdə konkret işimiz nədən ibarət ola bilər? Təbii ki, ilk olaraq Azərbaycanla, konkret olaraq Qarabağla bağlı tarixi reallıqların dünyada təbliği, bölgənin regional mədəniyyət, elm mərkəzinə çevrilməsi ilə əlaqədar dövlət başçısının göstərişlərinə uyğun sistemli işlərin görülməsidir. Nəzərə alsaq ki, bütün müstəvilərdə alimin sözü elmə əsaslandığı üçün ən etibarlı mənbələrdən biri hesab olunur. Ermənilərin isə tarixi kimi elmləri də saxtadır. Ona görə onların saxtalıqlarını ifşa etmək, əsrlər boyu törətdiyi cinayətləri sübut etmək alimlərimizin başlıca vəzifəsi olaraq qalacaq.

Məlum olduğu kimi ölkə rəhbəri tərəfindən artıq Şuşa mədəniyyət paytaxtı elan edilib. Hesab edirik ki, bu çərçivədə Qarabağı elm mərkəzinə çevirmək istiqamətində işlərə də artıq başlamalıyıq. Bu əsrarəngiz bölgə Azərbaycan elminə, mədəniyyətinə görkəmli, tarixi şəxsiyyətlər bəxş edib. Ancaq o şəxsiyyətlər içərisində bir nəfər olsun belə, erməni millətinin nümayəndəsinin olmaması nə təsadüf, nə də təccüblü deyil. Çünki tarixi şəxsiyyəti ancaq aid olduğu torpaq yetişdirə bilər. Tarixən erməninin olmayan torpaq onu fərd kimi yaradsa da, şəxsiyyət kimi formalaşdıra bilməyib.

Azərbaycan Milli Elmlər Akademiyasının işğaldan azad edilmiş ərazilərdə aparılacaq elmtutumlu bərpa və quruculuq layihələrinin əks olunduğu 14 bəndlik fəaliyyət proqramının hazırlanması, Akademiyanın Qarabağ Elmi Bölməsinin yaradılması ilkin tədbirlər kimi təqdirəlayiq haldır. Lakin Qarabağ regionunu dünya alim və mütəxəssislərinin tez-tez bir araya gətirildiyi məkan halına da gətirməliyik. Burada bütün elm sahələrini əhatə edən elmi konfrans, simpozium, elm həftəsi, elm günləri təşkil etməliyik. Gecikməmək üçün bərpasına qədər bu tədbirləri onlayn formatda da keçirmək olar. Artıq beynəlxalq müştərək tədqiqatlar apardığımız, ABŞ, İtaliya, Türkiyə və sair ölkələrin aparıcı elm mərkəzlərinin alimləri belə bir təşəbbüsümüzü bəyəniblər. Xaricdə çalışan dünya şöhrətli azərbaycanlı alimlər isə Azərbaycan alimlərinin II qurultayının məhz, Şuşada keçirilməsini təklif ediblər.

Cənab Prezidentin göstərişi ilə azad olunmuş hər bir rayonda işğal faktını əks etdirən muzeylərin yaradılması ora həm xarici alim həmkarlarımızın, həm də vətənpərvərlik ruhunda yetişdirəcəyimiz “bu günün şagirdi, sabahın alimləri”nin ekskursiyasının təşkili Azərbaycan tarixi reallıqlarının, o illərdə baş verənlərin unudulmaması, tarixdən dərs çıxarmağımız üçün tutarlı dəlil olacaq. Hazırda xarici səfirliklərin, beynəlxalq təşkilatların, o cümlədən, yerli və xarici media nümayəndələrinin ardınca dünyanın aparıcı elm mərkəzlərində çalışan azərbaycanlı alimlərininin işğaldan azad olunan rayonlara səfərlərinin təşkili də dünya elm adamlarının diqqətini bir daha bu məsələyə yönəltməsinə yardımçı olacaq.

Beləliklə, elm adamlarının Qarabağın regional elm-mədəniyyət mərkəzinə çevrilməsi yolunda görməli olduqları işlər çoxdur. Gözləməyə isə vaxt yoxdur. Qarabağ Azərbaycandır!!!

Əfsun Sucayev
AMEA Aşqarlar Kimya İnstitutunun
elmi işlər üzrə direktor müavini,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

 

Xəbər xətti