Artıq həyat yavaş-yavaş öz məcrasına qayıtmaq üzrədir və ümid edirik ki, koronavirusa yoluxmanın yenidən artması ilə üzləşməyəcəyik. Amma həyatın öz məcrasına qayıtması pandemiyadan əvvəlki bəzi problemləri də gündəlik yaşayışımıza qaytaracaq. Bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, həmin problemlərin həlli istiqamətində real addımlar atılmalıdır: "Problemlərdən biri də nəqliyyat sıxlığıdır. Hətta mən düşünürəm ki, yumşalmalar maksimum dərəcədə olsa, o cümlədən orta məktəblərdə, ali təhsil müəssisələrində tədris tam bərpa olunsa, ticarət şəbəkələri, iş yerləri, sosial həyatın bütün istiqamətləri bərpa olunsa, ilk dövrdə küçələrdəki gərginlik pandemiyadan əvvəlkindən daha artıq ola bilər.
Bunun səbəbi də çox sadədir. Pandemiya ilə bağlı sanitar-gigiyenik məsələlər tam həll edilsə də, cəmiyyətimizin psixologiyasında müəyyən dövrdə bir iz qalacaq. İnsanlar hələ xeyli müddət kütləvi topıaşmaqdan ehtiyat edəcək. Bu da ona gətirib çıxaracaq ki, ictimai nəqliyyata maraq pandemiyadan əvvəlki kimi olmayacaq. Yəni insanlar metroda, avtobusda sıx hərəkətdən çəkinəcəklər. Nəticədə isə yollarda fərdi nəqliyyat vasitələrindən, taksilərdən istifadə çoxalacaq və s”.
Ə.Hüseynov bildirib ki, bunları proqnozlaşdıraraq müvafiq tədbirlər həyata keçirilməlidir: "Piyada infrastrukturunu yaxşılaşdırmaq, velosipeddən istifadəni populyarlaşdırmaq, piyada hərəkətinə üstünlük verilməsini təbliğ etmək, ictimai nəqliyyatı mükəmməlləşdirmək və s kimi təbirlərin həyata keçirilməsi məqsədəuyğundur". ( Trend)