“Qıza ikinci görüşümüzdə evlənmə təklifi etdim”

11:30 - 2 Avqust 2020 - Müsahibə

Novruz Cəfərov: “Əsgərlikdəki rejim və diyeta olmasaydı, həyatım bəlkədə cəhənnəmə çevriləcəkdi”

“Bir uşaq kimi ağlımız kəsəndən, əlimiz iş tutandan bacardığımız hər işə göndərilmişik. Dərsdən gələndən sonra ev işləri ilə məşğul olmuşuq. Həyətyanı sahəmiz 30 sot idi və orda hər növ kənd təsərrüfatı məhsulları yetişdirirdik. Onların alağını təmizləmək, dibini yumşaltmaq, suvarmaq, quzular kiçik olan vaxtlar sahədə onları otlatmaq və s. kimi müxtəlif işlər görməklə məşğul idik. Mən kiçik olanda hələ kəndimizdə elektrik işığı yox idi, ona görədə neft lampasından istifadə edirdik. Altmışıncı illərin axırına yaxın dəmiryolunun stansıyasından evlərimizə işıq çəkdilər. Gözümüzə işıq gəldi”.

Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı Ağdam Dövlət Dram Teatrının baş rejissoru Novruz Cəfərov dedi. Baş rejissorla keçmiş illərdən, xatirələrdən söhbət açdıq...

“Vağzal və kənd uşağı kimi böyümüşəm”

Cəfərov Novruz Adil oğlu 1953-cü ildə Şəmkirin Könüllü kəndində anadan olub. Deyir ki, orta məktəb təhsilini də elə bu kənddə alıb: “Sinfimizdə hardasa 24-25 uşaq təhsil alırdı. Çox təəssüflər olsun ki, o məktəb hələ indiyə kimi, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Və o məktəbi son zamanlar bu görkəmdə görməmək üçün yolumu heç vaxt o tərəflərdən salmıram. Əslində anam da, atam da Şəmkirin Seyfəli kəndində doğulub və yetkinlik yaşına qədər orda da yaşayıblar. Bu dağətəyi bir kənddir. Gəncə şəhərinə çox yaxın olan - indiki Seyfəli paliqonu deyilən və hazırda da mövcud olan ərazidir. Bu kəndin 7 kilometr aşağı hissəsindən dəmiryolu keçir. Bu dəmiryolunun aşağı hissəsi indiki Göygöl rayonuna baxırdı. Üst hissəsi Şəmkir rayonunun ərazisi idi və o yerlərdə iki, ya üç ev vardı. Və bu iki ərazinin arasında dövrünə görə ən böyük dəmiryol vağzalı olan Alabaşlı stansiyası yerləşirdi və bu gün də yerləşir. Bu stansiya həm də ona görə böyük statusa malik idi ki, o həm Gəncə-Bakı və Gəncə-Ağstafa istiqamətində gedib gələn qatarlarla yanaşı, həm də Daşkəsənin dağ massivindən gələn saysız-hesabsız filiz dolu vaqonları nizamlayaraq Gürcüstanın Rustavi və Gəncənin Alüminium zavodlarına yola salırdı. Bunları niyə xatırladım, heç özüm də bilmədim. Bəlkə də onu nəzərinizə çatdırmaq istədim ki, mən o dövrdə çoxları üçün sakit görünən bir həyatın çox qaynar bir nöqtəsində doğulmuşam. Vağzal və kənd uşağı kimi böyümüşəm. Bu stansiyanın qərb hissəsi Seyfəli kəndindən köçüb gələn könüllülərdən ibarət olduğu üçün - kəndimizin adını da o zamanlar rayon rəhbərləri ilə yolunu ordan salmış, böyük istiqlal şairimiz Əhməd Cavad qoymuşdur: “Madam ki, bura Seyfəlidən könüllülər gəlib, qoy elə bu kəndin adı - Könüllü də olsun” - demişdir. Və o gündən kəndimizin adı da Könüllü olaraq tarixə keçmişdir”.

“Uzun illər altı bacı və qardaş bir-birimizə sarılıb yaşamışıq”

Valideynlərim evlənən kimi Seyfəlidən Könüllü kəndində gəlmişlər: “Bacı-qardaşlarımla birlikdə hamımız bu kənddə doğulmuşuq. Ailəmiz böyük olmuşdur. Bizim ata tərəf nəslimiz Hacıoğullar nəsli idi. Soyadlar dəyişiləndə belə bir qərar çıxmışdı ki, hər kəs öz babasının adını soyad qəbul edəcək. Atam Hacıyev, bizlər isə atamın atası, yəni babamız Məşədi Cəfərin adı ilə - Cəfərovlar soyadını daşımaq məcburiyyətində qaldıq. Beləcə nəsil soyadımızdan ayrı düşdük. Anam səkkiz uşaq dünyaya gətirmişdir. Mən ancaq onlardan altısını görmüşəm və uzun illər altı bacı və qardaş bir birimizə sarılıb yaşamışıq. Sonra hərə bir tərəfdə özünə ailə qurmuş və ata yurdundan yavaş-yavaş ayrılmışıq”.

“Mən kiçik olanda hələ kəndimizdə elektrik işığı yox idi”

N.Cəfərovun sözlərinə görə, uşaqlıq illəri indi bir xatirə kimi nə qədər şirin görünsə də, o vaxtlar üçün heç də asan keçməyib: “Biz bir uşaq kimi ağlımız kəsəndən, əlimiz iş tutandan, qandığımız və bacardığımız hər işə göndərilmişik. Dərsdən gələndən sonra ev işləri ilə məşğul olmuşuq. Həyətyanı sahəmiz 30 sot idi və orda hər növ kənd təsərrüfatı məhsulları yetişdirirdik. Onların alağını təmizləmək, dibini yumşaltmaq, suvarmaq, quzular kiçik olan vaxtlar sahədə onları otlatmaq və s. kimi müxtəlif işlər görməklə məşğul idik. Mən kiçik olanda hələ kəndimizdə elektrik işığı yox idi, ona görədə neft lampasından istifadə edirdik. Altmışıncı illərin axırına yaxın dəmiryolunun stansıyasından evlərimizə işıq çəkdilər. Gözümüzə işıq gəldi”.

“Ən sevdiyimiz məşğuliyyət kitab oxumaq idi”

N.Cəfərov deyir ki, daima kitab oxumağa böyük həvəsi olub: “Evdə bacı-qardaşlar olaraq hamımızın ən sevdiyi məşğuliyyət kitab oxumaq idi. Böyük bacım məktəbin kitabxanasında o kitab qalmamışdı ki, evimizə gətirməsin və biz də növbə ilə o kitabı oxumayaq. O vaxtlarımızda demək olar ki, kəndən çox çıxmazdıq. Nə alınası paltar, kitab, dəftər lazım olardısa Gəncəyə gedərdik. Bizim stansiyadan elektriçka Gəncəyə 10 dəqiqəyə çatırdı. Bu səbəbdən də biz heç vaxt elektriçkaya bilet almazdıq. Konduktor biletinizi göstərin deyənə kimi bizim qatarımız Gəncədə dayanırdı (gülür)”.

“Bütün sinfimiz gecə saat 3-ə kimi qəbristanlıqla yanaşı olan sahədə qalmışdı”

N.Cəfərov deyir ki, Şəmkir rayon mərkəzini yuxarı siniflərdə oxuyan vaxtlar 1 may paradına göndəriləndə görüb: “Pambıq yığımı zamanı məktəbləri və o cümlədən bizim sinfimizi də yaxın kəndlərə iməciliyə aparırdılar. Pambıq sahələri böyük, pambıq yığan kolxozçular və iməciliyə gələn məktəblilər sayca çox olurdu, maşınlar isə azlıq təşkil edirdi. Bizi yük maşınlarında bəzən aparıb pambıq sahələrinin elə künc-bucağına tökürdülər ki, şər qarışandan sonra arxamızca gələn sürücülər yerimizi axtarıb tapmaqda çətinlik çəkirdilər. Bir gecə bütün sinfimiz gecə saat üçə kimi qəbristanlıqla yanaşı olan sahədə qalmışıq. Qızlarımız qorxudan ağlaşırdılar. Elə biz oğlanlarda qorxurduq, amma qızların yanında qorxduğumuzu boynumuza almırdıq”.

“Kənd uşağı olduğum üçün Bakı mənə möcüzə kimi görünürdü”

Müsahibimiz Bakıda ilk dəfə 7-ci sinifdə oxuyan vaxtlarında olub: “Böyük qardaşım Razində yaşayırdı. Əsgərlikdən qayıdandan sonra Bakıda qalmışdı və ailə qurub orda da məskunlaşmışdı. Yeddinci sinifdə oxuyan kənd uşağı üçün, Bakı möcüzə kimi görünürdü. O vaxtkı Bakıdan ən çox yadımda bu hadisə qalıb. Bir gün yoldan keçən bir çadralı qoca qadının çadrasının altından nəyinsə düşdüyünü gördüm. Yaxınlaşıb götürdüm və baxdım ki, içi pul dolu kisədir. Qaçaraq qadını səsləyib, pul kisəsini ona verdim. O da kisənin içərisindən 10 manat çıxarıb mənə verdi. Götürmürdüm, amma məcbur verdi. O həyatımda ilk dəfə mənə verilən ən iri pul idi. Mən də sevinə-sevinə evə qaçıb həmin pulu qardaşıma verdim. Uşaqlıq xatirələrim çox olub. Amma acısı şirinindən çox olub. Məktəb dram dərnəyimiz yaddaşımda qalan ən işıqlı sayıla bilən xatirələrim hesab oluna bilər. Nə isə... Bunların hamısını danışmalı olsam nə az, nə çox, ən azından bir roman olacaq”.

“Riyaziyyat müəllimimiz həmişə mənə “5” qiyməti yazardı”

Dərslərini yaxşı oxuyan aktyor deyir ki, siniflərində hardasa 25 uşaq olublar: “Əlaçı olmuşam demirəm, amma dərslərimi yaxşı oxumuşam. Bir çox dərslərimdən əlaçı olmuşam. O cümlədən ədəbiyyat, coğrafiya, tarix dərslərindən və s. Riyaziyyat müəllimi də həmişə mənə 5 qiyməti yazardı. Amma dəqiq bilirdim ki, başqaları ilə müqayisədə mənə 5 yazır. Əslində isə bu fəndən heç vaxt xoşum gəlmirdi və zəif bilirdim. Bizim siniflərimiz “a” və “b” sinifləri olmaqla səhər və günorta rejimlərində təhsil alırdıq. İki sinif bir yerdə hardasa 40 uşaqdan çox idik. Bizim buraxılış ilimiz gəldiyində xalq təsərrüfatı, pedaqoji, incəsənət və bir çox başqa institutlara qəbul olunan sinif yoldaşlarımız oldu. Amma mən ilk ilimdə qəbul oluna bilmədim və yenidən hazırlaşıb ikinci ilimdə, Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) - “Dram və kino aktyoru” fakültəsinə qəbul oluna bildim”.

“İlk sevgim barədə bütün kənd bilirdi”

İlk sevgisi orta məktəb illərinə təsadüf edən müsahibimiz həmin illəri xatırlamaq istəmədiyini qeyd etdi: “Əlbəttə xatırlamağa qalsa xatırlayıram. Sadəcə xatırlamaq istəmirəm. Çox ağrı-acılı bir məhəbbət olub. Və bu barədə bütün kənd bilirdi. Müəllimlərimdən Hənifə müəllim həmişə məni danlayaraq deyərdi ki, vaxtsız banlayan xoruzu tez kəsərlər. O məhəbbət yarı yolda qırılmasaydı, bəlkə də heç indiki adam olmayacaqdım. Hər işdə bir xeyir var”.

“Ya aktyor olacam, ya da fəhlə”.

N.Cəfərovun aktyorluğa böyük həvəsi olub. Deyir ki, orta məktəbi qurtaran kimi, hələ instituta işlərini verməmiş Bakıdan evlərinə bir nəfər qonaq gəlib: “Qonaq anama dedi ki, məni Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım göndərib. O öyrənib ki, sənin bir uşağın bu il orta məktəbi qurtarır və o istəyir ki, sənin uşağını Tibb universitetinə qoysun, oxutsun və sonunda da Bakıda işlə təmin etsin. Həmin il orta məktəbi ailəmizdə mən qurtarırdım. Amma anamın yalvarışlarına baxmayaraq mən bu təklifi qəbul etmədim və sənədlərimi İncəsənət İnstitutuna verdim ki, mən aktyor olmaq istəyirəm. Lakin həmin ili qəbul ola bilmədim və kəsilib geriyə kəndimizə qayıtdım. Heç beş gün keçməmiş həmin Bakıdan gələn qonağımız bir də gəldi. Və anama dedi ki, Şükriyyə xanım oğlunuzun institutdan kəsildiyini öyrənib. Tibb Universitetinə qəbula isə hələ 15 gün vaxt var, o çox istəyir ki, sənin oğlun bu universitetə işlərini versin. O bu haqda həmin universitetin rektoru Zəhra xanımla da danışıb. Anam yenə ağladı-sızladı, lakin məni yola gətirə bilmədilər. Mən ya aktyor olacam, ya da fəhlə - deyib, durdum. Və gecə gündüz çalışıb, nəhayət 1971-ci ildə xalq artisti Mehdi Məmmədovun kursuna daxil oldum”.

“Boy-buxunuma görə məni də məcbur o ansambıla üzv eləmişdilər”

Müsahibimiz deyir ki, bəzi maddi çətinlikləri nəzərə almasaq, tələbəlik illərinin çox maraqlı və zəngin keçdiyini deyir: “O vaxtlar İnstitutda aktyor sənətindən dərs keçən müəllimlər SSRİ xalq artistləri Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib kimi nəhənglər idi. Hamısı da vaxtlı-vaxtında dərslərdə olurdular və vicdanla tələbələrə sənət öyrədirdilər. Mənim sənət müəllimim Mehdi müəllim olub. Onun danışıqlarına qulaq asmaqdan yorulmurdum. Boş vaxtlarımda Adil müəllimin, Rza Təhmasibin də dərslərində otururdum. İnstitutda “Qobustan” rəqs ansamblımız var idi və boy-buxunuma görə məni də məcbur o ansambla üzv eləmişdilər. İndiki bir çox xalq artistləri, əməkdar incəsənət xadimləri hamımız bir yerdə o ansambılda çıxış edirdik. Mən oxuyan dövrlərdə İnstitutlar arasında bədii özfəaliyyət üzrə yarışlar keçirilirdi. Bizim institut da incəsənət institutu olduğu üçün qarşımıza tələb qoyulmuşdu ki, mütləq qalib gəlməlisiniz”.

“Yataqxana tanışlıqları heç vaxt unudulmur”

N.Cəfərov deyir ki, institutun tələbə yataqxanasında mərhum aktyor və Sumqayıt Teatrının rejissoru Şahmar Qəribli, mərhum teatr və kino rejissor Rövşən Almuradlı, indiki əməkdar mədəniyyət işçisi kinorejissor Elman Şeydayevlə bir otaqda qalırmışlar: “Bir-birimizə qarşı çox mehriban idik və sona qədər də dost olaraq qaldıq. O vaxtlar bizim yataqxanada Asəf Zeynallıda oxuyan musiqiçilər və Əzim Əzimzadədə oxuyan rəssamlar da yaşayırdılar. Ona görə də bu sənətlərin də sirlərini asanlıqla onlardan öyrənə bilirdik. Yataqxanada işləri bölürdük. Düzdür, otaq silib-süpürməmişik, çünki bu işlər üçün hər mərtəbənin öz xidmətçisi vardı və 2-3 gündən bir bu işləri edirdi. Amma yeməklərimizi özümüz bişirməli olurduq. Tələbəliyin və yataqxananın ən problemli işlərindən biri, bəlkə də ən birincisi bu işlər sayılırdı. Hər gün birimiz ev işlərinə nəzarət edirdik. Növbəsi olan adam həm yemək bişirir, həm çayı dəmləyir və həm də sonra qab-qacağı yumaq məcburiyyətində qalırdı. Ən ədalətli xidmət prinsipimiz bu qaydada idi. Ən tənbəlimiz Rövşən Almuradlı sayılırdı. O Sumqayıtdan olduğu üçün, evləri yaxında idi və bəzən onun ev işlərinə növbəsi çatanda birdə görürdük ki, aradan çıxıb. Belə hallarda yerdə qalanlar hamımız hər işi bir yerdə köməkləşib edirdik. Paltarlarımızı özümüz yuyurduq. Hamam günlərimiz həm də paltarlarımızın yuyulma günü kimi bəlalı bir günə çevrilirdi. Amma tələbəlik yataqxanasının böyük üstünlükləri də var idi. Belə ki, xeyli sayda müxtəlif rayonlardan gəlmiş insanlarla yaxından tanış olmaq imkanı qazanırdıq. Ümumiyyətlə, yataqxana tanışlıqları heç vaxt unudulmur”.

“Qatarla Odessa şəhərinə kimi ac getdim”

Müsahibimiz hərbi xidmətə getdiyi və orda keçirdiyi günləri unuda bilmədiyini deyir: “Mədəm bərk ağrıyırdı, bir yaşlı həkim də elə hesab edirdi ki, əsgərliyə getməyin dərdindən edirəm. Bu söz mənə çox ağır gəlmişdi. O vaxtlar institutdan bizim kursu Şəkidə teatr açmaq üçün göndərmişdilər. Artıq bir ilə yaxın idi ki, orda işləyirdik. Zalımız hazır olmadığı üçün bir neçə tamaşanı teatrın foyesində təhvil vermişdik. İki gün əvvəl İsgəndər Coşqun və Səməd Vurğunun “Komsomol” poemasının ictimai baxışı olmuşdu və Şəki şəhərinin I katibi Sadıq Murtuzayev əsgərliyə gedənlərlə, yəni Əligülşad Rəhimov və mənimlə şəxsən görüşüb uğur diləmişdi. Və əsgərlikdən sonra mütləq geri qayıtmağımızı təkid etmişdi. Mədəm ağrıdığı üçün ağrı içində taksi tutub, Şəmkirə kəndimizə getdim. Evə çatan kimi hamını narahat qoyub ağrılardan qurtulmaq üçün yatmağa çalışdım. Xəstə olmağım barədə heç kimə heç nə demədən, gecə qatarına bilet almaqlarını tapşırdım. Yuxudan oyananda həyətimiz yeyib-içən qohum-qonşularla dolu idi. Güclə onlarla vidalaşıb vağzala getdim və ordanda Biləcəriyə yola düşdüm. Biləcəridə kurs və iş yoldaşım, əməkdar artist Qəmər Məmmədova məni qarşıladı. Əligülşadı da tapdıq. Qəmər bizi evlərinə qonaq apardı. Yaxşı süfrə açmışdılar. Amma mən üç gün ac olmağıma baxmayaraq bir tikə də yeyə bilmədim. Qatarla Odessa şəhərinə kimi ac getdim. Sonra yavaş-yavaş ağrılar keçdi”.

“Əsgərlikdəki rejim və diyeta olmasaydı, həyatım bəlkədə cəhənnəmə çevriləcəkdi”

Əsgərliyi Zaporojiye şəhərində keçən N.Cəfərov artileriya polkunda nişançı olub: “Hərbi hissəmiz şəhərin mərkəzində idi. Komandirimiz ali təhsilli aktyor olduğumu biləndə çox təsirləndi. Dedi, mən də bir vaxtlar aktyor olmaq istəyirdim, amma alınmadı. Hər bazar mənə vəsiqə verib hissədən buraxırdı ki, get teatrlarda tamaşalara bax. Əsgərliyim beləcə çox da çətin keçməyib. Aktyor kimi rusların hamısı mənə hörmət bəsləyirdi. Ağır işlərə göndərmirdilər. Ali təhsilli olduğum üçün hərbi xidmətdə bir il oldum. Yadda qalan xatirələrim də az deyil. Əsgərlik kişilər üçün vacib bir görəvdir ki, orda kişilik, mətinlik imtahanları ilə üz-üzə qalırsan. Onu da deyim ki, əsgərlik məni mədə xəstəliyimdən ömürlük xilas etdi. Ordakı rejim və diyeta olmasaydı, mənim həyatım bəlkədə cəhənnəmə çevriləcəkdi. Və əsgərlikdən qayıdandan iki gün sonra, yenidən Şəki Dövlət Dram Teatrına qayıtdım”.

“Hər günümü güdəliklərimdə qeyd eləmişəm”

Gənclik illərində də teatra bağlı olan N.Cəfərov bildirir ki, gəncliyinin tələbatı olan yaşam tərzindən çox şeyləri xatırlayır: “Mənim həyatım - gəncliyimlə bir yerdə teatrla bağlı olub. Yadda qala biləcək hər günümü güdəliklərimdə qeyd eləmişəm. Hər gündəliyimi vərəqləyəndə mənə elə gəlir ki, hər şey sanki elə bu anda baş verir. Bütün xatirələr bir gün gəlir ki, əvvəlki dəyərini və gözəlliyini itirir. Sənətlə bağlı olanlar isə hamıya məxsus olduğu üçün bir gün daha da dəyərə minir və köhnə aktyor yoldaşlarla o qastrolları, tamaşaları, xoş dəqiqələri bir yerdə xatırlayaraq ləzzət alırıq”.

“Xoşbəxtlikdən pianinomuz tokla işləmir...”

Gülməli xatirələrindən maraqlaq bəhs edən müsahibimiz deyir ki, 1976-cı ildə Şəki Dövlət Dram Teatrının baş rejissorunun kabinetində Emin Sabitoğlu, Sabit Rəhmanın “Nişanlı qız” tamaşası üçün bəstələdiyi mahnıları aktyorlarla məşq edirmiş: “Mahnıları canlı oxumağı öyrənməli olan aktyorlar artıq çox yorulmuş olduqlarından, məşqdən qaçmağa bir bəhanə axtarırdılar ki, birdən işıqlar söndü. Uraaa!, - deyə, hamımız ixtiyarsız olaraq qışqırdıq və sevincək: - Emin müəllim, işıqlar söndü, indi evə gedə bilərik? - deyə, soruşduq. Emin müəllim gülə-gülə dedi: Heç narahat olmayın, xoşbəxtlikdən pianinomuz tokla işləmir”(gülürük).

“İstəmirdim ki, kimsə qız dalınca getdiyimi bilsin”

N.Cəfərov deyir ki, ona Şəkidə üçüncü mərtəbədə bir otaq vermişdilər: “Bir gün onun balkonunda oturmuşdum və aşağı baxanda qonşu qızın getdiyini gördüm. O, Uşaq Musiqi Məktəbində dərs deyirdi. Birdən içimdən qəribə bir hiss keçdi və öz-özümə dedim ki, düz dünyada nə qız axtarıram? Niyə elə bu qızla evlənməyim? Geyinib qızın arxasınca getdim. Şəkidə məni hamı tanıyırdı deyə, istəmirdim kimsə qız dalınca getdiyimi bilsin. Gedib onun dərs dediyi sinfə girdim. Sinif uşaqla dolu idi. Dedim ki, bir mahnı var, istəyirəm onu oxumaqda mənə kömək edəsən. Notu istədi, verdim. M.Qorkinin “Həyatın dibində” tamaşasından Bubnovun mahnısı idi və doğrudan da bu mahnını tamaşa üçün öyrənməliydim. Notu çaldı və asta səslə özü oxudu. Mən də oxumağa çalışdım. Nə isə... ikinci görüşümüzdə evlənmə təklifi etdim. Qonşuluqda yaşadığımız üçün tanış olmasaq da, bir-birimizi qiyabi də olsa tanıyırdıq. Aktyor olduğum üçün o məni daha yaxşı tanıyırdı. Və yarım ildən sonra elçilərimi göndərdim. İndi iki övladımız (bir qız, bir oğlan) və altı nəvəmiz var”. 

“Aldığımız maaşı qəpiyinə kimi yeməyimizə xərcləyirdik”

İlk işi 1975-ci ilin avqust ayında Şəki teatrında aktyorluqla olub. Deyir ki, aldığı maaş indiyə kimi yadındadır: “Aylıq 75 manat pul alırdıq. Aldığımız maaşı qəpiyinə kimi yeməyimizə xərcləmişik. Bütün aktyorlar yataqxanada qalırdıq və pullarımızı da bir yerə qoyurduq ki, kimsə tələfxərclik eləyib sonra ac qalmasın. Amma bir yerdə yeməyimizdə köməyə gəlmirdi, yarım ay keçməmiş pul qurtarırdı. Hamı yenə gözünü evdən gələn pula, ərzağa dikirdi. Ali təhsilli kadrları məvacibləri yarım ay görmürdü. Biz həmin vaxtı 75 manat alanda, süpürgəçilər 80 manat alırdılar”.

“Həmişə sənətimlə yanaşı ikinci bir işlə də məğul olmuşam”

Müsahibimiz hansı işi boynuna götürübsə, yatmayıb o işi yüksək səviyyədə görməyə çalışdığını deyir: “Aktyorluqla dolana bilməyəcəyimi görüb, dram dərnəyi, daha sonra rəqs ansamblı yaratdım. Pionerlər evində, məktəblərdə dərnəklər açdım. Qrim sənətini mənimsədim. Qarmon, saz çalmağı öyrənməyə çalışdım. Hamısı da nə zamansa köməyimə yetişdi. Bu günə kimi, həmişə sənətimlə yanaşı ikinci bir işlə də məğul olmuşam. Amma heç kimə ağız açmadım, heç kimdən nəsə ummadım. Bütün bunlara çalışqanlığımla, zəhmətimlə nail oldum. İnsan zəhmətkeş olmalıdır. Oğluma da hər zaman zəhmətkeş olmağı aşılamışam. Düzgünlük, dürüstlük, çalışqanlıq ən vacib xüsusiyyətlərdəndir ki, övladlarıma məsləhət görürəm”.

“Hara qaçırsooz, pajar olutdu”

Keçmiş illərə maraqla boylanan N.Cəfərov deyir ki, başına çoxlu maraqlı və gülməli hadisələr gəlib: “Bu hadisələrdən bir xeylisini yumor kimi qələmədə almışam. Onlardan bəzilərini sizinlə bölüşə bilərəm. Bunlardan biri şəkilinin “Pojar olutdu?” hadisəsidir. Deməli, bir vaxtlar Şəki Teatrının gənc aktyorları olan bizlər - Qəmər Məmmədova, Nəbi Qədirov, Elman Şeydayev və mən idman etmək məqsədi ilə hər səhər yuxudan erkəndən qalxıb, idman formasında küçələrlə qaçaraq, Şəkinin Qurcana çayını keçib, erməni qəbristanlığının yanından ötüb, düz dağın başına qalxardıq. 1976-cı ilin 16 aprel günü, yenə səhər tezdən oyanıb həmin o köhnə marşurut ilə qaçırdıq. Qarşıdan gələn bir şəkili uzaqdan bizi görüb dayandı və gedib ona çatana kimi heykəl tək yerindən tərpənmədi. Şəkilinin yanından ötəndə, o təəccüb və bir az da həyəcanla gözünü bizdən çəkməyərək hündürdən soruşdu: - “Ərə, ha bir hoor dayanın göraax... hara qaçırsooz, pajar olutdu?” (gülürük)”.

Könül Oruc


Xəbər xətti