Bu il keçirilən buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttiham aktını prokuror Murtuz Bəylərov elan edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub.
İttiham aktına münasibət bildirən təqsirləndirilən Kamran Əsədov özünü təqsirli bilmədiyini deyib.
Digər təqsirləndirilən Gündüz Abbasov Cinayət Məcəlləsinin 302-ci maddəsi üzrə özünü təqsirli bilib. O, 308-ci maddə ilə təqsirli olmadığını deyib.
Dövlət ittihamçısı zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsinin alınmasını istəyib.
Məhkəmədə Dövlət İmtahan Mərkəzinin nümayəndəsi ifadə verib. O bildirib ki, qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları aşkarlanıb. Onun sözlərinə görə, iş üzrə 14 abituriyentin adı hallanır.
Daha sonra təqsirləndirilən Gündüz Abbasov ifadə verib.
Məhkəmənin növbəti iclası 2026-ci ilin yanvarın 22-nə təyin edilib.