Azərbaycanda vətəndaşlara təyin olunmuş əmək pensiyalarının yalnız müəyyən hallarda dayandırılması və ya ləğv edilməsi mümkündür. Bu, əsasən pensiya təyinatı zamanı qanunvericiliyin tələblərinin pozulması aşkarlandıqda həyata keçirilir.
Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, pensiya təyinatı zamanı müəyyən edilmiş qaydalar pozulduğu halda bu ödənişlərin dayandırılması mümkündür:
“Ölkədə əmək pensiyalarının üç əsas növü mövcuddur: yaşa görə, əlilliyə görə və valideynlərini itirməyə görə əmək pensiyası. Yaşa görə əmək pensiyası alan şəxslərin ödənişləri ləğv edilmir, yalnız qanun pozuntusu aşkarlandığı hallarda artıq ödənilmiş məbləğlər geri qaytarılır.
Əlilliyə və valideynlərini itirməyə görə təyin olunan pensiyalar isə qanunvericiliyə uyğun olaraq tənzimlənir. Əgər pensiya təyinatı zamanı müəyyən edilmiş qaydalar pozulubsa, bu ödənişlərin dayandırılması mümkündür”, - deyə o bildirib.
Millət vəkili həmçinin vurğulayıb ki, pensiya sisteminin şəffaflığı və qanunvericiliyə uyğunluğunun təmin olunması üçün müvafiq yoxlamalar mütəmadi olaraq aparılır.