Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Güvən" Xeyriyyə ictimai birliyinin icra etdiyi “Məktəblilərə sosial dəstək” layihəsi çərçivəsində Astara rayonunda seminar xarakterli tədbir keçirib.
Astara rayon İcra Hakimiyyəti və Astara-Lənkəran Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə 06.08.2025 tarixində Rinə kəndində, 07.08.2025 tarixində Siyəkü kəndində, 08.08.2025 tarixində Kijəbə qəsəbəsində həyata keçirilən tədbirlərdə ümumilikdə 60 nəfərdən çox məktəbli, xüsusən qızlar iştirak edib.
Açıq havada həyata keçirilən tədbirlərin hər birində çıxış edən təşkilatın sədri və layihə rəhbəri Nigar Bayramlı layihəyə maliyyə dəstəyi göstərən QHT-lərə Dövlət Dəstəyi Agentliyi barədə məlumat verib, layihə mövzusunun aktuallığı, təşkilatın fəaliyyət istiqamətləri və görülən işlərlə bağlı məlumatları diqqətə çatdırıb. O, tədbirlərdən sonra Lənkəran rayonun Xanbulan ərazisində planlaşdırılan düşərgə barədə də iştirakçılara məlumat verib. Hər bir kənddə keçirilən tədbirlərdə müvafiq olaraq iştirak edən məktəb direktorları və müavinləri də çıxışlarında belə bir layihəhənin yay tətili dövründə həyata keçirilməsinin əhəmiyətini vurğulayaraq, şagirdlərin, xüsusən də qızların şəxsi inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edəcəyini vurğulayıblar.
Tədbir zamanı layihə eksperti, Lənkəranda fəaliyyət göstərən “Elm-Tədris Akademiyası” MMC-nin rəhbəri, kuriklum üzrə mütəxəssis Samir Salayev “Məktəblilərin sosial inkişafında təhsilin rolu, sosial inkişafın gələcək karyerada rolu mövzularına toxunulub, sosial inkişafa dəstək verən simulyativ oyun-qrup işləri” həyata keçirib, tədbir iştirakçıların fəallığı və böyük marağı ilə müşayiət olunub. Yekunda iştirakçılar layihə barədə müsbət fikirlərini bölüşüb və belə tədbirlərin davamlı təşkilini arzu ediblər.
Layihənin məqsədi məktəbli uşaqların, xüsusən də qızların təhsildən yayınma səbəblərini qismən də olsa aradan qaldırmaq və gələcəyin peşə sahiblərinin formalaşmasında onların rolunu artırmaqdan ibarətdir.