Ucnoqta.az
www.ucnoqta.az

"Gənclik Mall" ticarət mərkəzində qanvermə aksiyası keçirilir

14:47 - 4 Avqust 2025 tarixində dərc olunub.

Səhiyyə Nazirliyi Respublika Qan Bankı talassemiyalı uşaqların həyatına dəstək olmaq məqsədilə "Gənclik Mall" ticarət mərkəzində qanvermə aksiyasına başlayıb.

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil edilən aksiya iki həftə davam edəcək. Aksiyaya qoşularaq könüllü şəkildə qan vermək istəyən şəxslər hər gün saat 12:00-dan 19:00-dək Gənclik Mall ticarət mərkəzinin I mərtəbəsində yerləşən müvafiq sahəyə yaxınlaşa bilərlər.

Qeyd edək ki, talassemiyalı şəxslər – xüsusilə də uşaqlar – həyatlarını davam etdirmək üçün mütəmadi qan köçürülməsinə ehtiyac duyurlar. Onların sağlam yaşaması və müalicələrinin fasiləsiz davam etməsi yalnız cəmiyyətin dəstəyilə, könüllü donorlardan toplanan qanla mümkündür.

Qanvermə prosesi tam təhlükəsiz, steril şəkildə və mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Donor olmaq istəyən şəxslər sadəcə şəxsiyyət vəsiqələrini təqdim etməklə qan verə bilərlər.

Unutmayaq ki, bir donor üç həyat xilas edir. Bu aksiyada iştirak edərək siz də talassemiyalı uşaqlar üçün yaşamaq şansı yaradan böyük xeyirxahlığın bir hissəsi ola bilərsiniz.

Hər damla qan – yaşamaq üçün böyük ümiddir!

Müəllif: Ucnoqta.az redaksiyası