Hindistan hakimiyyəti iyunun 12-də Əhmədabad şəhərində baş vermiş "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə iyunun 30-da “The Independent” qəzeti Hindistanın mülki aviasiya naziri Murlidhar Mohola istinadən məlumat yayıb.
Mohol qeyd edib ki, müstəntiqlər CCTV görüntülərini öyrənirlər və baş verənlərin bütün mümkün versiyaları üzərində işləyirlər və bir neçə qurum istintaqa cəlb olunub.
Mülki Aviasiya Nazirliyindən aydınlıq gətirilib ki, uçuş qeydlərinin dekodlanmasına iyunun 24-dən başlanılıb. Ön registratordan çıxarılan yaddaş modulu uğurla oxunub və orada olan məlumatlar artıq təhlil mərhələsindədir. O da əlavə edilib ki, hazırda pilot kabinəsinin səs yazıcısından və uçuş məlumatlarının yazıcısından məlumatların emalı davam edir.
Mohol qeyd edib ki, fəlakətin səbəbləri ilə bağlı yekun nəticə çıxarmaq hələ tezdir, lakin hadisənin unikallığını vurğulayıb. Onun sözlərinə görə, hər iki mühərrikin eyni vaxtda sıradan çıxması halları olmayıb. O, əlavə edib ki, araşdırma başa çatdıqdan sonra bunun mühərriklərin özlərinin nasazlığı, yanacaq təchizatında yaranan fasilələr və ya onların eyni vaxtda sönməsinə təsir edən digər amillərlə bağlı olduğu aydınlaşacaq.
Bildirilir ki, fəlakətdən təxminən 20 gün keçib və Hindistanın aviasiya hakimiyyət orqanları faciənin səbəblərinin açıqlanmasını tələb edən ictimaiyyət və ekspertlər tərəfindən artan təzyiqlər altındadır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müəyyən etdiyi beynəlxalq standartlara görə, ilkin hesabat hadisədən sonra 30 gün ərzində, yekun hesabat isə 12 ay ərzində ictimaiyyətə təqdim edilməlidir.