Ucnoqta.az
www.ucnoqta.az

İran ABŞ-nin hərbi təcavüzünə müqavimət göstərmək hüququna malikdir - XİN

10:14 - 22 İyun 2025 tarixində dərc olunub.

İran öz milli maraqlarını qorumaq üçün “ABŞ-ın hərbi təcavüzünə bütün gücü ilə müqavimət göstərmək” hüququnu özündə saxlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin ABŞ-ın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumundan sonra yaydığı bəyanatda deyilir.

"XİN ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı amansız hərbi təcavüzünü qəti şəkildə pisləyir. İslam Respublikası ABŞ-ın hərbi təcavüzünə bütün gücü ilə müqavimət göstərmək, həmçinin öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək hüququnu özündə saxlayır", - bəyanatda deyilir.

İran Xarici İşlər Nazirliyi qeyd edib ki, İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücum nüvə silahlarının yayılmaması rejiminə dəhşətli zərbədir.

Müəllif: Ucnoqta.az redaksiyası