Ucnoqta.az
www.ucnoqta.az

Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüş keçirilib

17:38 - 30 May 2024 tarixində dərc olunub.

Mayın 30-da Zarağan kənd 1 nömrəli tam orta məktəbdə Qəbələ rayonu tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüş təşkil olunub.

Ucnoqta.az xəbər verir ki, görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Bəhruz Nəbili, rayon təhsil sektorunun əməkdaşları, müəllimlər və XI sinif şagirdləri iştirak ediblər.

Tədrisin Keyfiyyəti Sektorunun müdiri Bəhruz Nəbili çıxışında Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, təklif edilən ixtisaslar, universitetdə görülən işlər, hədəflər və gələcək planlar haqqında ətraflı məlumat verib.

Görüş zamanı universitetin təhsilalanları və akademik heyəti üçün müasir və fərqli mühitin yaradılması, universitet kampusunda göstərilən xidmətlər, elmi-tədqiqat əsasında yaradıcı layihələrin dəstəklənməsi kimi mövzular geniş müzakirə olunub.

Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. İlk mərhələdə universitetdə təxminən 1000 tələbənin təhsil alması planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası