Ucnoqta.az
www.ucnoqta.az

Aşqarlar Kimyası İnstitutunda gənclərin elmi müsabiqəsi keçiriləcək 

15:21 - 6 Aprel 2024 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Ucnoqta.az xəbər verir ki, İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, hər il institutda çalışan gənc alim, mütəxəssislərin elmə daha da həvəslənməsi üçün ənənəvi “Ən yaxşı elmi məruzə” müsabiqələr keçiririk. Bu ilki müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib:

“Gənclərimizin ətraf mühütün ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenrasiyası, turş qudronun emalı və sair istiqamətdə apardıqları tədqiqatların nəticələri ilə bağlı məruzələrini dinləniləcək və seçilən alimləri diplom və pulla mükafatlandıracağıq”.

Ə.Sucayev qeyd edib ki, eyni zamanda iyun ayında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müştərək beynəlxalq tədqiqatlar apardığımız Türkiyənin universitetləri ilə birlikdə ”Yaşıl kimya” fundamental və tətbiqyönlü kimya elminin vacib bir istiqaməti” adlı gənc alim və mütəxəssislərin beynəlxalq onlayn elmi seminarını keçirməyi planlaşdırırıq.

Müəllif: Ucnoqta.az redaksiyası