Ucnoqta.az
www.ucnoqta.az

Məşhur professordan çaysevərlərə pis xəbər: "Xəstəliyə səbəb olur..."

06:08 - 28 Fevral 2024 tarixində dərc olunub.

Qanda hemoglobin adlanan zülalın normadan aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması “anemiya” adlanan vəziyyətlə nəticələnir. Cəmiyyətin bir çox təbəqələrində kifayət qədər rast gəlinən bu vəziyyət bir çox xəstəliyə yol açır, halsızlıq, yorğunluq kimi arzuolunmaz nəticələrə də səbəb ola bilir. 

Ucnoqta.az xəbər verir ki, prof. dr. Canan Karatay xüsusilə son zamanlar bir çox insanın yorğunluq, halsızlıq kimi şikayətlərlə üzləşdiyini və bunun əsas səbəbinin əslində qan azlığı ilə bağlı olduğunu bildirib.

Qadınların xüsusilə təhdid altında olduğunu bildirən Karatay, qadınların menstruasiya, əmizdirmə kimi dövrlərdə daha çox “qan azlığı” problemi yaşadıqlarını deyib.
Bundan əlavə, qidalanma anemiyanı tətikləyən ən vacib məsələlərdən biridir. Qida həzm probleminin bir növü olan "qlütenə qarşı dözümsüzlük" anemiyanın əsas səbəblərindən biridir.

Karatay qluten dözümsüzlüyü olan insanların sağlam qidalar yeməsinə baxmayaraq, dəmirin tam sorulmaması səbəbindən daim anemiya və dəmir çatışmazlığı problemi ilə qarşılaşdıqlarını qeyd edib.

Anemiyanın ən böyük əlamətinin yorğunluq və daimi yatmaq istəyi olduğunu deyən Karatay, bunun immunitet sistemini zəiflədərək müxtəlif xəstəliklərə qarşı həssas hala gətirdiyini bildirib.

Qan azlığının ən mühüm səbəblərindən biri yeməkdən sonra çay içmək vərdişidir.
Canan Karatay çayın qırmızı ətin tərkibindəki “dəmiri bağladığını” və onun sorulmasına mane olduğunu bildirib. O, qan azlığının geniş yayılmasının ən böyük səbəblərindən birinin də bu olduğunu vurğulayıb.

Bütün bunlarla yanaşı, Karatay 65-70 yaşdan sonra bədən funksiyalarında baş verən dəyişikliklərə də diqqətli olmaq lazım olduğunu vurğulayıb.
O, bu yaşdan etibarən orqanizmin fəaliyyətinin, bağırsaqların, hormonların və fermentlərin ləngidiyini, qocalma prosesinin başladığını bildirib.
Bu yaşlarda sümük iliyinin azalması nəticəsində xüsusilə yaşlılarda "anemiya"ya səbəb olduğunu ifadə edən Karatay, bu vəziyyətdə baş ağrısı, ürək döyüntüsü və ya halsızlıq kimi simptomların meydana çıxa biləcəyini və bunun qarşısını almaq üçün təbii qidalanmanın vacib olduğunu qeyd etdi.

Müəllif: Ucnoqta.az redaksiyası