Ucnoqta.az
www.ucnoqta.az

Fikrət Məmmədovu əvəz edən Azər Cəfərov kimdir? - DOSYE

15:20 - 16 Fevral 2024 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

Ucnoqta.az  Azər Cəfərovun dosyesini təqdim edir.

Azər Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub.

Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlamış, 1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib.

1986-cı ildə prokurorluq orqanlarına keçirilmiş, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilmişdir.

III dərəcəli dövlət ədliyyə müşaviridir.

Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, "Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikası medalı, "Azərbaycan Ədliyyəsinin 90 illiyi" xatirə medalı, Rusiya Vəkillər Gildiyasının "Fayda, şərəf və şöhrət" ordeni, "Prokurorluğun fəxri işçisi" döş nişanı və prokurorluğun fəxri fərmanı ilə təltif edilib.

Evlidir, iki övladı var.

Müəllif: Ucnoqta.az redaksiyası