Ucnoqta.az
www.ucnoqta.az

QHT-lər COP29-la bağlı birgə bəyanat verdi

22:24 - 18 Dekabr 2023 tarixində dərc olunub.

Dekabrın 18-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “COP29: gözləntilər, perspektivlər” mövzusunda QHT-lərin ictimai müzakirəsi keçirilib.

Ucnoqta.az xəbər verir ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsini tarixi uğur adlandırıb. A.Əliyeva Agentliyin 2024-cü ilin əvvəlində COP29-la bağlı xüsusi qrant elan edəcəyini də açıqlayıb.

Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərovanın moderatorluğu ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin COP29-la bağlı fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə COP28-də iştirak etmiş QHT sədrləri də öz mülahizələrini bölüşüb. “Yaşıl Tikinti Şurası”nın həmtəsisçisi və rəhbəri Guy Eames bildirib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi nümayiş etdirir.

Tədbirin sonunda QHT-lər COP29-la bağlı birgə bəyanat qəbul edib. Bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov səsləndirib.

Müəllif: Ucnoqta.az redaksiyası