Ucnoqta.az
www.ucnoqta.az

2000-ci illərdən ekstremal hava hadisələrinin sayı, şiddəti və müddəti artıb

18:10 - 15 Noyabr 2023 tarixində dərc olunub.

Ümumdünya Meteorologiya Təşkilatının illik iqlim hesabatına əsasən 2015-2022-ci illər 173 illik meteoroloji müşahidə qeydlərində ən isti səkkiz il olub.

Bunu Türkiyə Dövlət Meteorologiya Xidmətinin baş direktoru Volkan Mutlu Coşqun Türk dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyədə 2022-ci ildə orta temperatur 14,5°C təşkil edib. Həmin göstərici 1991-2020-ci illər normasından (13,9°C) 0,6°C yuxarıdır. Temperaturun artmasına uyğun olaraq 2000-ci illərdən sonra meteoroloji fəlakətlərin sayında və şiddətində nəzərəçarpan bir artım qeydə alınıb.

O qeyd edib ki, Türkiyə qlobal iqlim dəyişikliyinin potensial təsirləri baxımından risk qrupu ölkələri sırasındadır:

"Türkiyədə iqlim dəyişikliyi səbəbindən meşə yanğınları, tufanlar, daşqınlar, dolu, sürüşmə kimi təbii fəlakətlərin artımı gözlənilir. Ümumdünya Meteorologiya Təşkilatının hesabatlarında da qeyd edildiyi kimi, ölkəmiz iqlim dəyişikliyinin mənfi təsirlərinin ən çox müşhidə ediləcəyi Aralıq dənizi hövzəsində yerləşir.

Türkiyə Dövlət Meteorologiya Xidməti Ümumdünya Meteorologiya Təşkilatının VI Regional İqlim Mərkəzi Şəbəkəsinin bir hissəsidir və Şərqi Aralıq dənizi İqlim Mərkəzi olaraq regionun 10 ölkəsinə monitorinq və proqnozlaşdırma məhsulları təqdim edir. Bu proqnozlar 90 faizdən çox dəqiqliyə malikdir və bu, o deməkdir ki, biz dünyada bu sahədə seçilən ölkələr sırasındayıq".

O eyni zamanda qeyd edib ki, dəyişən iqlimlə əlaqədar olaraq, xüsusilə 2000-ci illərdən etibarən ekstremal hava hadisələrinin sayı, şiddəti və müddəti artmaqda davam edir:

“Bu gün iqlim xidmətləri meteoroloji hadisələrin vurduğu zərərləri azaltmaq və bütün sektorların fəaliyyətini planlaşdırmaq üçün ən vacib vasitələrdən biridir”.///APA

Müəllif: Ucnoqta.az redaksiyası