Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda anti-Rusiya təşkilatının lideri istintaqa çağırılıb

15:27 - 6 Noyabr 2023 tarixində dərc olunub.

Millətçi və Rusiya əleyhinə olan “Milli Demokratik Qütb” təşkilatının liderlərindən biri Jirayr Sefilyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) dindirilmək üçün çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə siyasətçi öz Telegram kanalında məlumat verib.

“Bu gün saat 10:00-da Milli Təhlükəsizlik Xidmətinin noyabrın 2-də yaydığı video ilə bağlı Milli Təhlükəsizlik Xidmətinə dindirməyə çağırıldım”, - deyə siyasətçi yazıb.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, noyabrın 2-də Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları dövlət binalarını ələ keçirməyi, həmçinin dinc əhaliyə qarşı güc tətbiq etməyi planlaşdıran müəyyən terror qruplaşmasını zərərsizləşdiriblər. Ümumilikdə beş nəfər həbs edilib.

Jirayr Sefilyan Milli Demokratik Qütbün idarə heyətinin üzvüdür. Təşkilat anti-Rusiya və Qərbyönlü ritorikası ilə tanınır. 2016-cı ildə Sefilyan iğtişaşlara və İrəvanın kənarında patrul alayının binasının ələ keçirilməsinə səbəb olan qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılıb. Həmin hadisələrdə Sefilyanın azadlığa buraxılmasını tələb edən Milli Demokratik Qütbün bəzi üzvləri də iştirak edirdi.

Müəllif: Ucnoqta.az redaksiyası