Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda bu sözə görə telekanala xəbərdarlıq edildi - VİDEO

10:39 - 18 Oktyabr 2023 tarixində dərc olunub.

Naxçıvan TV Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası tərəfindən xəbərdarlıq alıb.

Ucnoqta.az xəbər verir ki, xəbərdarlığa televiziya kanalında yayımlanan sağlamlıq verilişində “süd vəzi xərçəngi” əvəzinə, türkiyəli professorun “meme kanseri” ifadəsini işlətməsi səbəb olub.

Xəbərdarlıqda deyilir:  

“Bildiririk ki, oktyabrın 17-də yayımlanan “Sağlam yaşa” verilişinin qonağı olan türkiyəli həkim professor Bülənt Ünal veriliş boyunca “meme kanseri” ifadəsindən istifadə etmişdir ki, bu da cəmiyyətimiz tərəfindən qeyri-etik ifadə kimi qəbul olunur. 

Bu ifadə yerinə “süd vəzi xərçəngi” ifadəsinin işlədilməsi daha məqsədəuyğun olardı. Verilişin müəllifi tərəfindən əvvəlcədən qonağa həmin ifadənin işlədilməməsi ilə bağlı xəbərdarlıq edilməli idi. 

Eyni zamanda yayımlanan qısa görüntülərdə də qeyri-etik hallar müşahidə edilmişdir. Veriliş nə qədər maarifləndirici xarakter daşısa da, onun başlanma vaxtı uşaqların izləyə biləcəyi zamana uyğun gəldiyi üçün burada “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri də pozulmuşdur”.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli bu xəbərdarlığı absurd hesab edib və Şuranı sərt şəkildə tənqid edib:

“Şura Naxçıvan TV-yə irad bildirib. Yanaşmaya baxın: Sağlamlıqla bağlı proqramda çox əhatəli məlumat verən və hamının başa düşdüyü dildə danışan türkiyəli professora yalvarmalıymışıq ki, süd vəzi de, sən Allah, məmə demə! Gedin özünüzə iş tapın...

Bütün günü boş-bekar qalıb boşuna maaş alanların yanaşmasına bax hələ. Bu düşüncə ilə bunlar medianı hara aparmaq istəyir, görəsən?!” 

Həmin görüntüləri təqdim edirik:

///yenisabah

Müəllif: Ucnoqta.az redaksiyası