“Əvvəlcə onu vurğulamalıyıq ki, silahlarını təhvil verən separatçılara amnistiya elan etmişik. Onların Laçın yolu ilə ərazimizi tərk etmək azadlığı var idi. Amma həbs olunanlara gəlincə, söhbət Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli zorakılıqlarda iştirakı sübuta yetirilən kiçik bir qrup şəxsdən gedir. Bizdə sübut var. Məhkəmə bunu nümayiş etdirəcək”.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibəsində deyib.
E.Əmirbəyov bildirib ki, bu hərbi cinayətlər üçün heç bir müddət yoxdur və yalnız bu cür insanlar həbs olunur:
“Onların məhkəməsi zəruridir. Onların azad edilməsi ilə yaxınlarını itirmiş insanlara münasibətdə ədalətli ola biləcəyimizi düşünmürəm. Biz onları sırf xoş niyyət jesti kimi azad edə bilmərik. Çünki hesab edirəm ki, bu münaqişənin bu qədər uzun sürməsinin səbəblərindən biri də cəzasızlıqdır”.
Dövlət rəsmisi jurnalistin “Ruben Vardanyan üçün də belədir?” sualına belə cavab verib:
“Bəli, o, terrorizmin maliyyələşdirilməsi ilə məşğul olub. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törədən qrupların yaradılmasını maliyyələşdirib.
Bu gün istintaq təcridxanasında olan insanlar bu münaqişənin ən böyük qırğınlarına görə məsuliyyət daşıyırlar. Bir gecədə 613 dinc azərbaycanlı, o cümlədən uşaqlar, hamilə qadınlar, qocalar azərbaycanlı olduqları üçün qətlə yetirilib. Bu, soyqırımı aktıdır. Düşünürəm ki, bu sözü işlədərkən diqqətli olmalıyıq. Amma sırf düşmən hesab etdiyiniz etnik qrupa mənsub olduğu üçün bir əhalini hədəf seçsəniz, bu, soyqırımı aktıdır. Ona görə də bu tarixə göz yuma bilmərik. Bunlar otuz il bundan əvvəl törədilmiş dözülməz, qəbuledilməz sui-istifadə faktlarıdır”.///qafqazinfo