Ucnoqta.az
www.ucnoqta.az

Uşaqlarda dəmir defisiti anemiyası

11:24 - 13 Oktyabr 2023 tarixində dərc olunub.

Dəmir çatışmazlığı anemiyasının əsas faktorlardan biri – hamiləlikdir

Dəmir insan orqanizmində hemoqlobinin tərkibində oksigen daşımaqla bərabər, həmçinin mərkəzi sinir sistemi inkişafında, infeksion xəstəliklərdən qorunmada rol oynayır. Onun çatışmazlığı bütün yaşlarda görülə bilir. Uşaqlarda ən çox 6-24 aylarında daha çox rast gəlinir. Həmçinin yeniyetməlik dövründədə hər iki cinsdə dəmir çatışmazlığı daha çox müşahidə olunur. Hamiləlik dövründə anada ağır anemiya müşahidə edilmədikcə yenidoğulan uşaqlarda kifayət qədər dəmir deposu olur. Ana südü ilə qidalanan uşaqlarda ilk 6 ay ərzində dəmir çatışmazlığı əsasən müşahidə edilmir. Səbəb isə ana südünün tərkibində olan dəmir rahat uşağın orqanizmi tərəfindən mənimsənilməsidir. Dəmir çatışmazlığı orqanizmdə həm anemiya kimi, həmçinin digər sistemlərin də funksiyasının pozulması kimi özünü büruzə verə bilər.

Uşaqlarda dəmir defisiti anemiyasının səbəbləri

Anemiyaların təqribən 70 faizi dəmir çatışmazlığından yaranır. Bu mikroelimentin azlığından hemoqlobin molekullarının əmələ gəlməsi zəifləyir: dəri, saç, ürək və həzm sistemi ilə əlaqədar problemlər yaradır. Əgər orqanizm dəmir çatımazlığı hiss edərsə, amma xəstəlik hələ inkişafa başlamayıbsa, bu sideropeniya və ya dəmir çatışmazlığı adlanır. Sideropeniya sindromunu yaranma səbəbləri müxtəlifdir: balanslanmamış qidalanma, mədə-bağırsaq xəstəlikləri, qan itirilməsi, dəmirə olan ehtiyacın artması. Məhz sonuncu amil hamilə qadınlar və uşaqlarda dəmir çatışmazlığı anemiyasının yaranmasına səbəb olur.

Ümumiyyətlə, dəmir çatışmazlığı anemiyasının əsas faktorlardan biri – hamiləlikdir. Gələcək ana təkcə özünü yox, həm də körpəsini bu mikroelementlə təmin etməlidir. Doğuşadək körpənin orqanizmində 300 mq qədər (ananın orqanizmindən alınmış) dəmir toplanır. Yeni doğulmuş körpələr üçün yegənə dəmir mənbəyi ana südüdür. Əgər ananın orqanizmində dəmir kifayət qədər olmazsa, bu çatışmazlıq özünü körpədə göstərəcək. Dəmir sinir toxumasının formalaşmasında iştirak edir və onun defisiti körpənin inkişafına ciddi mane ola bilər.  

Aktiv böyümə zamanı dəmir çatışmazlığl praktik olaraq 50 faiz uşaqlrda inkişaf edir. Qız uşaqları daha aktiv böyüdüyü və menstruasiya öncəsi periodda dəmir çatışmazlığına qarşı daha həssasdırlar. Ümumiyyətlə, qadınlar menstruasiya dövründə müntəzəm olaraq qan itirdiyi üçün dəmir çatışmazlığına daha meyillidirlər, xüsusən də qanaxmalr uzun müddətli və çox olarsa.     
 Çoxdöllü hamiləlikdən doğulmuş uşaqların 60 faizə qədəri və bir yaşa qədər uşaqlar da dəmir çatışmazlığından əziyyət çəkirlər.   

6-cı aydan etibarən isə uşaqlarda meydana çıxan dəmir çatışmazlığın əsas səbəbi sürətli böyümə və qida rasionunda dəmirlə zəngin qidalar yeməmə, tez-tez infeksion xəstəliklər keçirməvə ya dərman qəbuluna bağlı ola bilər. Həmçinin yeniyetmə dövründə (12-18 yaş) dəmir çatışmazlığın əsas səbəbi sürətli böyümə, kifayət qədər dəmirlə zəngin olmayan qidalanma və s. səbəblərə bağlıdır. Bilinməyən qan itkiləri çox daha nadir olub çölyak xəstəliyi, xronik ishal və ya pulmonar hemosideroz kimi qanamalara bağlıdır. Xüsusən parazitlərdə dəmir çatışmazlığına səbəb ola bilir. 
Uşaqlarda dəmir əskikliyinin əlamətləri və... 

Dəmir çatışmazlığı görülən uşaqlarda klinik olaraq: dərinin solğun olması, çox yorulma, əsəbilik, iştahsızlıq, baş dönməsi, baş ağrısı, ağız kənarlarında yaralar, dildə dad tumurcuqlarında atrofiya, saçlarda, dırnaqlarda qırılma, dırnaqlarda cizgilər görə bilirik. Eyni zamanda bu uşaqlarda qida olmayan maddələrə meyillik olur ki, torpaq, gil, divar boyası, tabaşir kimi maddələri yeyə bilirlər. Uşağınızda bu əlamətlər görüləndə mütləq həkimlə məslətləşmək lazımdır. Unutmayaq ki, bəzən ümumi qan analizində eritrosit və hemoqlobinin normativlər daxilində olması, dəmir defisitini inkar etmir! Dəmir çatışmazlığını aşkarlamaq üçün qanın ümumi analizini mütləq həkim incələməlidir. Və əgər dəmir çatışmazlığı aşkarlanarsa bərpa olunmalıdır. Çünki qırmızı qan hüceyrələri adlanan eritrositlərin tərkib hissəsi olan hemoqlobinin kimyəvi quruluşuna dəmir daxildir. Onun çatışmazlığını aradan qaldırmaq üçün, səbəb aradan qaldırılmalıdır. Dəmir çatışmazlığına yarımçıq doğulma, çoxdöllü hamiləlik, intensiv böyümə dövrü, qeyri-rasional qidalanma, mədə-bağırsaq traktı xəstəlikləri, malabsorbsiya sindromu, qurd invaziyası, qanaxmalar (məsələn babasil, gizli mədə qanaxması) səbəb olur. Körpələrdə risk faktorları arasında ən çox rast gəlinən isə anemiyanın profilaktikasının aparılmamasıdır!

Qeyd edək ki, vaxtında doğulmuş uşaqlarda ilk 4 ayda anadan aldığı dəmir ehtiyyatı onlara kifayət edir. 4 aydan etibarən körpələrdə dəmir deposu bitir və fizioloji anemiya yaranır. Bu mütləq nəzərə alınmalı və profilaktika aparılmalıdır! Vaxtından əvvəl doğulanlarda daha tez fizioloji anemiya olur, ona görə onlara daha tez profilaktika aparmaq lazımdır!
Bütün körpələrə 6 ay-1yaşda qanın ümumi analizi aparılmalı və ehtiyac olarsa həkim məsləhəti ilə dəmir preparatları verilməlidir!

Dəmir çatışmazlığı anemiyasının müalicəsi

Gizli defisit zamanı, yəni hemoqlobin hələ aşağıya düşməmiş qidanı korreksiya etmək, vitamin və biloji aktiv əlavələrin qəbuluna başlamaq kifayətdir.  Orqanizm dəmirin bağırsaqdan sorulmasını özü gücləndirir və tezliklə demir defisitini aradan qaldırır. İfadə olunmuş anemiya zamanı artıq xüsusi preparatlar qəbul olunmalıdır. Onların köməyi ilə dəmir ehtiyatı qısa müddət ərzində bərpa olunur, hemoqlobin və eritrosit yaranması aktivləşir.    
Diyeta ciddi anemiya qarşısında acizdir. Lakin düzgün qidalanma birincili dəmir defisitinin qarşısını ala bilər. Dəmir preparatlarının nizamlı qəbul edilməsi vacibdir. Dəmir preparatı qəbulu ilə yanaşı dəmirlə zəngin qidaların da qəbul edilməsinin vacib olduğu valideynlərə bildirilməlidir.

Dəmir preparatların az olduğu qədər çox olması da zərərlidir. Ona görə dəmir preparatlarını həkimin dediyi doza və müddətdə qəbul edilməsi vacibdir.

Dəmir çatışmazlığı müalicə edilməsə nə baş verə bilər?

Dəmir beynin inkişafında mühüm rol oynayan elementlərdən biridir. Ona görə südəmər dövürdə dəmir çatışmazlığı anemiyası diaqnozu qoyulub müalicə edilmədikdə uşaq gələcək dövürdə əqli gerilik yarana bilir. Dəmir çatışmazlığı anemiyası olan uşaqlarda inkişaf geriliyivə diqqət defisiti yarana bilər. Məktəb nailiyyətləri daha aşağı olar. Həmçinin dəmir çatışmazlığı anemiyası davam edərsə sonrakı dövrdə halsızlıq, yorğunluq, iştahsızlıq kimi əlamətlərdə müşahidə edilir. Ağır dəmir çatışmazlığı anemiyasında ürək çatışmazlıq əlamətlərdə meydana çıxa bilər.

Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qan xəstəlikləri ilə bağlı maarifləndrimə və qan donorluğunun təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.

 

Müəllif: Ucnoqta.az redaksiyası