Ucnoqta.az
www.ucnoqta.az

Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb -  YENİLƏNİB

13:36 - 4 Oktyabr 2023 tarixində dərc olunub.

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən vida mərasimində mərhumun ailəsi, yaxınları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Xoşbəxt Yusifzadənin Xəzər dənizində, keçmiş Sovet İttifaqında neft-qaz sektoru ilə bağlı layihələrin altında imzasının olduğunu deyib.

"Xoşbəxt müəllimdə istənilən sualın cavabı olurdu. O, Ulu Öndər Heydər Əliyevin prezidentliyi zamanında neft emalında birinci milyardın, Prezident İlham Əliyevin hakimiyyəti zamanında isə ikinci milyardın şahidi olub", - o əlavə edib.

Akademik Alif Əlizadə Xoşbəxt Yusifzadənin vəfatını Azərbaycan elmi üçün olduqca böyük itki hesab etdiyini qeyd edib: "Xoşbəxt müəllim Xəzər neftinin vurğunu idi. Onun üçün Xəzər neftinin ayrıca biz özəlliyi, dəyəri var idi. Bunun nəticəsidir ki, o, Azərbaycan neftinin dünyaya layiqli formada təqdim edilməsinə nail oldu. Bu gün cənab Prezidentin rəhbərlik etdiyi dövlət siyasəti ilə həmin neft Avropanın ən ucqar nöqtələrinə belə gedib çıxıb".

Çıxışlar bitdikdən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.

11:36

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başlayır.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, mərasim Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilir.

Mərasimə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adından əklil göndərilib.

Müəllif: Ucnoqta.az redaksiyası