Ucnoqta.az
www.ucnoqta.az

"Sabiq deputat aclıq aksiyasına başlayıb" - Vəkil

15:09 - 6 Sentyabr 2023 tarixində dərc olunub.

“Mənə daxil olan məlumata görə Nazim Bəydəmirli əsassız və qondarma həbsinə görə aclıq aksiyasına başlayıb".

Ucnoqta.az xəbər verir ki, bunu həbsdə olan iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin vəkili Aqil Layıc bildirib. Vəkil onunla onuncu dəfə keçən həftə görüşdüyünü deyib.

O qeyd edib ki, sonuncu dəfə müstəntiqin yanında N.Bəydəmirli sentyabr ayının 4-də aclıq elan edəcəyini demişdi:

"Məlumatı şəxsən özündən dəqiqləşdirmək imkanım olmayıb. Özü ilə bu həftə görüşəndə dəqiqləşdirmə aparacam. Amma mənə belə bir məlumat daxil olub”.

Qeyd edək ki, sabiq deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Nərimanov rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Daha sonra N.Bəydəmirli barəsində ittiham ağırılaşdırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə təkrarən tələb etmə maddəsi üzrə) maddəsiylə yenidən ittiham irəli sürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası