Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan istehsalı olan minatəmizləmə maşını ANAMA-ya təqdim olunub

15:31 - 4 Sentyabr 2023 tarixində dərc olunub.

Azərbaycan istehsalı olan “Revival P” minatəmizləmə maşını ANAMA-ya təqdim olunub.

Ucnoqta.az xəbər verir ki, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna (QDF) “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.

Sentyabrın 4-də QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.

Mərasimdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, “İmprotex” Şirkətlər Qrupunun rəhbərliyi, QDF-in Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanın minatəmizləmə maşını istehsal etməsinin böyük uğur olduğunu qeyd edib:

"İki il ərzində xaricdən minatəmizləmə maşınları aldıq. Azərbaycan artıq özü indi mina təmizləmə maşınları istehsal edir. Bu sevindirici bir haldır. İmprotex şirkətlər qrupunun "Revival P" minatəmizləmə maşınının 3 aydan çox müddət ərzində testləri keçirilib və özünü doğruldub.

"Revival T" minatəmizləmə isə tank əleyhinə olan minalar üçün nəzərdə tutulub. Bu maşın sınaqları zamanı özünü çox yaxşı göstərdi. Bu sevindirici haldır. Bu maşınların istehsalı və sınaqlardan uğurla keçməsi bizim üçün çox önəmlidir".

Qeyd edək ki, “Revival P” minatəmizləmə maşınının sertifikatı ANAMA-nın İdarə Heyətinin sədrinə təqdim edilib. Daha sonra tədbir iştirakçıları “Revival P” minatəmizləmə maşını ilə tanış olublar.

Müəllif: Ucnoqta.az redaksiyası