Ucnoqta.az
www.ucnoqta.az

Bu prospektdə hərəkət məhdudlaşdırılır

10:11 - 30 Avqust 2023 tarixində dərc olunub.

Neftçilər prospektinin Dəniz vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan hissəsində yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri icra olunacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, işlər sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq.

“Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi bu gün saat 10:00-dan 16:00-dək və gecə saat 23:00-dan səhər saat 05:00-dək davam edəcək. Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - məlumatda qeyd edilib.

Müəllif: Ucnoqta.az redaksiyası